ƏXLAQ VƏ TƏRBİYƏ

ƏXLAQ VƏ TƏRBİYƏ

Görəsən, insanların əxlaq və davranışları tərbiyə ilə dəyişilə bilərmi?

Bu sual “əxlaq”a hansı cəhətdən baxışla aydınlaşır. Çünki insanların əxlaq və mənəviyyatının bir sıra cismani və ruhi parametrlərə mexaniki tabe olduğunu qəbul etsək, onda “əxlaq” səmərəsiz bir şey, onun dəyişildiyini qəbul etdikdə isə, bu zaman onun əhəmiyyət və dəyəri çox gözəl aydın olacaq. Bəzi alimlər birinci ehtimalı qəbul edərək demişlər ki, bağbanın zəhməti acımeyvəli ağacın mahiyyətini dəyişmədiyi kimi, pis və çirkin insanların batini də “tərbiyə” ilə dəyişilmir və əgər dəyişilsə də, çox səthi olub tez də ilk vəziyyətə qayıdır. Onların əqidəsinə görə, cisim və ruhun “əxlaq”la (rəftar) yaxın rabitəsi vardır və həqiqətdə hər kəsin əxlaqı cismani və ruhi vəziyyətinə bağlı olduğundan dəyişmir. Onlar öz müddəalarını sübut etmək üçün “Ən-nasu məadinu kə-məadiniz-zəhəbi vəl-fizzə!” (İnsanlar qızıl və gümüş mədənlərinə bənzəyirlər!) – kimi hədislərə istinad edirlər. (“Biharul-ənvar”, 61-ci cild, səh.65, hədis: 51.)

Amma buna əks olaraq bir çox təcrübələr göstərir ki, “sağlam mühit”, “yaxşı yoldaş”“düzgün tərbiyə” nəticəsində şər və pis insanlar tamamilə islah olunurlar. Bundan əlavə, əxlaqı nəzərə almadan peyğəmbərlərin və dini rəhbərlərin bütün səmavi göstəriş və qadağaları ləğv və mənasız sayılar. Çünki bütün bunlar insanların tərbiyəsi üçün göndərilmişdir. Biz hətta heyvanların belə, bir sıra üsullarla tərbiyələnməsini və qərizəvi hisslərindəki dəyişikliklərini gördüyümüz halda, necə qəbul edə bilərik ki, insanlarda pis əxlaq heyvanların vəhşilik və yırtıcılıq xüsusiyyətindən də qatı olsun!

Beləliklə, bu müddəanın sübutu üçün mütləq insanın əxlaqi xislətlərinin yaranma tərzi araşdırılmalı, onların aradan qaldırılması yollarını tapmalıyıq. Bildiyimiz kimi, hər yaxşı və pis əməlin insanın ruhunda müəyyən təsiri vardır ki, onun təkrarı ilə bu təsir artaraq, yavaş-yavaş “adət”ə, daha sonra isə “sifət və xislət”ə çevrilir və beləcə, insanın meyilləri onun “adət” və “xislət”lərindən mənşələnir. Burada biz təcrübəyə əsaslanmalıyıq. Məsələn, əxlaqi adət və xislətlər bir əməlin təkrarı ilə yarandığı kimi, onların aradan qalxması da elə bu yolladır. Yəni əvvəlcə “əməl”, sonra “təkrar”, daha sonra əxlaqi bir xislətin yaranmasının şahidi oluruq. Demək, təlqin, təfəkkür, düzgün təlim və sağlam mühitin insanın əxlaqının müsbət inkişafı yönündə böyük təsiri var.

ƏXLAQLA TƏRBİYƏNİN RABİTƏSİ

Hər bir insanın önündə duran mühüm məsələlərdən biri də tərbiyədir. Dini təfəkkür baxımından tərbiyə geniş mənada bütün yaradılışı əhatə edir. Peyğəmbərlərin, dinin böyük alim və şəxsiyyətlərinin bütün zəhməti həmin məqsədə nail olmaq üçündür. İnsanlıq, əmin-amanlıq, xoşbəxtlik və səadət tərbiyəsiz mümkün deyil və həyatın tələbi olan belə bir qurum üçün bütün qüvvə və imkanlardan istifadə etmək lazımdır. Əxlaq elminin qarşıya qoyduğu son məqsəd də bütün yaxşı və pis xislətlər, onların əmələgəlmə səbəbləri və inkişafı haqda geniş məlumat verdikdən sonra “gözəl əxlaq”a yiyələnmə və rəzil sifətlərlə mübarizədir ki, məhz “tərbiyə” ilə mümkündür.

Bəzi psixoloqlar doğru yolu tutmağa və gələcək həyatı naminə məsuliyyət daşımağa hazırlığı tərbiyə adlandırırlar. Bəziləri isə onu müəyyən məqsəd üçün daxili istedad və qüvvələrin inkişaf etdirilməsi kimi izah edirlər.

Məşhur psixoloq Can Deyvi və onunla həmfikir olanlara görə, tərbiyə ötən sınaq və təcrübələrdə dönüş yaratmaq və onların bərpasından ibarətdir. Belə ki, bu proses məna kəsb edərək fərdi gələcək təcrübələrin idarəsi üçün hazırlayır. (“Təlim və tərbiyənin üsulları”, Əli Şəriətmədari, ixtisarla.)

Həqiqətdə isə, bu üç tərif bir mövzunu açıqlayır; üçüncü tərif tərbiyənin mahiyyətini, birinci tərif məqsədini, ikinci tərif isə nəticəsini göstərir.

QURAN VƏ TƏRBİ

“Tərbiyə” sözü lüğəvi kökünə əsasən, qaldırmaq və inkişaf etdirmək mənasını daşıyır. Belə nəzərə çarpır ki, bu sözün bir termin kimi istifadəsi elə də qədim tarixə malik deyil. Ona görə də, Qurani-Kərimdə həmin mənada “tərbiyə” sözünə rast gəlinir və onun yerinə “təzkiyə” və “zülmətdən nura çıxarma” kimi başqa ifadələr görünür. Məsələn, aşağıdakı iki ayədən birində “təkvini tərbiyə”yə (xilqət aləmindəki qanunauyğunluqların tələbi), digərində isə “təşrii tərbiyə”yə (müəllim və ya hər hansı şəxsin proqram əsasında verdiyi tərbiyə) toxunulur. Birinci ayədə belə buyurulur:

{هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ}

1. “Sizi zülmətdən (nadanlıq, şirk və günah) nura (iman, elm və təqva) çıxarmaq üçün mələkləri ilə birlikdə sizə salam və mərhəmət göndərən Odur!” (“Əhzab” surəsi, ayə 43.)

Allahın və mələklərin salam və salavatı bəndələrə nazil olan rəhmət, mərhəmət və bərəkətdir ki, onları azğınlığın zülmətindən çıxararaq qəlblərini hidayət nuru ilə işıqlandırır.

İkinci ayədə isə belə buyurulur:

{هُوَ الَّذِي يُنَزِّلُ عَلَى عَبْدِهِ آيَاتٍ بَيِّنَاتٍ لِيُخْرِجَكُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّورِ}

2. “Sizi zülmətlərdən nura çıxarmaq üçün Öz bəndəsinə (Mühəmməd (s)) açıq-aşkar ayələr nazil edən Odur!” (“Hədid” surəsi, ayə 9.)

Bu ayələrə əsasən, belə başa düşülür ki, insan dini təlim-tərbiyəsiz, eynilə qaranlıq və zülmətə düşən kəsə bənzəyir. Ona verilən hər hansı qüvvə və istedad həqiqi məqsədə xidmət etmir və yolunu itirmiş sərgərdan kimi, daim məqsəddən uzaqlaşır. Tərbiyə isə onu zülmətdən nura çıxarır, mənəvi inkişafı doğru yola düşərək onu məqsədə tərəf aparır. (“Əxlaq syəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.13-14 və 163-164.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru