ŞƏXSİYYƏT VƏ ONUN TƏRBİYƏ İLƏ ƏLAQƏSİ

ŞƏXSİYYƏT VƏ ONUN TƏRBİYƏ İLƏ ƏLAQƏSİ

“Şəxsiyyət” sözü yalnız elm, psixologiya və əxlaqa xas bir termin deyil və ümumxalqın gündəlik söhbətləri əsnasında işlənir və təqribən, hər kəs onun mənasını (qısa şəkildə) bilir. Bununla belə, “şəxsiyyət”in dəqiq və aydın tərifini demək çətin məsələdir. Ona görə də, psixoloqlar onu müxtəlif cür tərif edirlər. Maraqlıdır ki, ona yüzlərlə tərif verilsə də, hər biri bir yönünü açıqlayır. Bu tərifdən bir neçəsi diqqəti özünə cəlb edir:

1. Şəxsiyyət – fərdin cəmiyyətdə qoyduğu təsirlərin məcmusudur. Başqa sözlə, hər kəsin şəxsiyyəti onun ictimai nüfuz və təsirindən ibarətdir. (“Rəvanşenasiye-rüşd”, səh.453.)

Bu kimi natamam təriflərdəki irad odur ki, həm ictimaiyyətdən uzaq düşənlərə şamil olmur, həm də ruhi səciyyələrə göz yumaraq şəxsiyyəti əməli çevrədə məhdudlaşdırır. Halbuki şəxsiyyət ruhi-mənəvi keyfiyyətlərlə təmsil olunur.

2. Şəxsiyyət – fərdin adət, fikir, nitq, meyil və istək, hərəkət tərzi və dünya görünüşündə özünü büruzə verən rəftarının ümumi forması deməkdir. Məşhur psixoloq Markuistə mənsub bu tərifdə də, müəyyən qədər məhdudiyyətlər gözə çarpır.

3. Şəxsiyyət – insanın rəftar və davranış tərzini müəyyənləşdirən hiss və təəssüratlarındakı, idrak və yaddaşlarındakı daxili nəzmə deyilir.

Bu tərifdə şəxsiyyət daxili sifət kimi göstərildiyindən ötən iradlardan uzaqdır. Amma şəxsiyyəti, insani dəyərləri ehtiva edən sifət, halət və səciyyələrin məcmusundan ibarət fərdi və ictimai təsirlərin mənşəyi hesab etsək, onun əsl məfhumuna daha yaxın olacaq.

Mənlik: Bir çox psixoloqlar “mənlik” və “şəxsiyyət”in hər ikisinin bir məna daşıdığını desələr də, bəziləri onların fərqli olduğuna etiqadlıdır. Onlar mənliyi əxlaqi yönə – yaxşı və pis sifətlərə aid, şəxsiyyəti isə bütün ruhi, əxlaqi, hissi, hətta rəftarla bağlı keyfiyyətlərə belə şamil edirlər. Hərçənd, hər fənnin terminologiyasına kənardan müdaxilə olunmasa da, lakin müasir dilimizdə bu iki söz bir mənanı çatdırır. Əgər şəxsiyyət insanı başqalarından fərqləndirən fərdi sifət və keyfiyyətlərin məcmusundan ibarət xassədirsə, “mən” sözündən götürülən “mənlik” də adi danışıq və lüğət kitablarına görə, “zat”, “xasiyyət” mənasını bildirir.

TƏRBİİLƏ ŞƏXSİYYƏTİN ƏLAQƏSİ

Şəxsiyyəti hər necə mənalandırsaq da, onun tərbiyə ilə əlaqəsini qırmaq mümkün deyil. Həqiqətdə tərbiyə ya insanlarda şəxsiyyəti göstərən (buna əsasən, hamının ona malik olduğunu deməliyik), ya da onu icad edən bir vasitədir (belə ki, ya bütövlükdə, ya da bir qismində şərikdir). Hər iki surətdə onun tərbiyə ilə sıx əlaqəsi vardır. Müəyyən hadisələr üzündən cəmiyyətdən uzaq düşən və ya uşaqlıqdan vəhşi heyvanlar arasında boya-başa çatanların üzərində aparılan tədqiqatlara əsasən, onlarda qeyri-adi rəftarlar, idrak səviyyələrinin son dərəcədə zəifliyi, insani keyfiyyətlərdən məhrum olmaq kimi ciddi problemlər müşahidə olunur ki, bu da şəxsiyyətlə tərbiyə arasındakı əlaqəni göstərən aşkar dəlildir.

Həmçinin, təqribən, eyni səth və şəraitdə yaşayan xalqlar arasında birinin ləyaqətli rəhbərə görə sürətlə başqalarından irəli keçməsi, böyük addımlarla tərəqqisi geniş mənada tərbiyənin fərd və cəmiyyətdə rolunu ifa edən bir nişanədir. Ayrı-ayrı mühitdə boya-başa çatan oxşar vəziyyətli fərdlər arasındakı aşkar fərqlər, yaxud iki müxtəlif mühitə düşən kəsdə müşahidə olunan hallar şəxsiyyətlə tərbiyənin arasındakı sıx əlaqəni göstərir və burada bizə bir alimin sözünü yada salır: “Uşaqları mənə tapşırın və onları istədiyiniz hər hansı əhval-ruhiyyədə – şücaətli, qorxaq, səxavətli, paxıl... tərbiyə edim.”

ŞƏXSİYYƏTİ TƏŞKİL EDƏN AMİLLƏR

İnsanda şəxsiyyəti formalaşdıran amillər çoxdur və bəlkə də onları bir-bir saymaq çətin olsun. Bununla belə, onların ən mühümləri aşağıdakılardan ibarətdir:

1. Xilqət (cismani və ruhi parametrlər); 2. İrsiyyət; 3. Üzvi orqanlar; 4. Qida; 5. Ailə mühiti; 6. İctimai mühit; 7. Təhsil; 8. Dost və yoldaşlıq; 9. (Özü və başqaları tərəfindən) təlqinlər; 10. Dünyagörüşü; 11. Gözlənilməz hadisələr; 12. Şəxsi iradə və çalışqanlıq.

Şəxsiyyətlə tərbiyə arasındakı sıx əlaqəni nəzərə alaraq qeyd edilən amilləri başqa bir baxışla tərbiyəvi amillər də adlandırmaq olar. (“Əxlaq syəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.165-167.)

Rza Şükürlü

 

Google+ WhatsApp ok.ru