'Əhalinin 15 faizinin 100 min dollardan çox varidatı var'

'Əhalinin 15 faizinin 100 min dollardan çox varidatı var'

«Exo» qəzeti ölkə əhalisinin maddi-sosial durumunu ekspertlərlə müzakirə edir.
 
«Əhalinin 15%-nin 100 min dollardan 1 milyon dollara kimi varidatı var. Amma bura daşınmaz əmlak, avtomobil də aiddir. Evi olan şəxsi kasıb saymaq olmaz, çünki onun daşınmaz əmlakı satmaq, əldə edilən vəsaitlə yaşamaq və ya biznes yaratmaq imkanı var. Ölkənin 5% əhalisi 1 milyon dollardan yuxarı vəsaitə malikdir. 30% əhali isə 10 min dollardan 100 min dollar arasında varidat sahibidir. 10% əhali isə heç bir aktivə, hətta «ölü kapital»a belə malik deyil». Bunu qəzetə ekspert Nəriman Ağayev bildirir.
 
Nəriman Ağayev deyir ki, bu göstəricilər ideal deyil. İqtisadi böhranın başlaması ilə problemlər çoxalır: «Ölkədə əmanət kimi pula sahib olmayan vətəndaşların sayı artır, bu gün təxminən 3 milyon əməkqabiliyyətli insan və təqaüdçülər ancaq maaşla yaşayır».
 
Ekspert Oqtay Haqverdiyev isə 4-nəfərlik ailənin 1000 manatlıq gəliri olduqda, bunun 15%-ni əmanət kimi saxlaya bildiyini deyir: «Respondentlərin 39%-i yığdıqları əmanətləri saxlaya bilmədiklərini, devalvasiya ilə bağlı «qara gün»ə saxladıqları əmanətləri xərclədiklərini bildirirlər. Təbii ki, manatın dəyərdən düşməsindən sonra ölkədə yoxsulların sayı artıb».
 
​KREDİTLƏRİN QAYTARILMAMASININ SƏBƏBİ – YÜKSƏK FAİZLƏR
 
«Novoye Vremya» qəzeti «Problemli kreditlər artır, manat ucuzlaşır, banklara etimad azalır» sərlövhəli məqalə ilə ölkənin maliyyə durumunu araşdırır.
 
Müəllifin fikrincə, Maliyyə Bazarlarına Nəzarət Palatasının vaxtıkeçmiş kreditlərin qaytarılması məsələsini təxirə salması belə kreditlərin sayını artırır. Müəllif həm də vurğulayır ki, pis proqnozlar isə günbəgün gerçəyə dönür. Məqalədə vəziyyətin yaxşıya doğru dəyişəcəyi ilə bağlı gözləntilərin özünü doğrultmadığı, bu yaxınlara qədər 1 milyard 200 milyon manat həcmində olan problemli kreditlərin artıq 1 milyard 500 milyona çatdığı deyilir: «Ölkədə iqtisadi durum pisləşdikcə, borcluların kreditləri qaytara bilməsi mürəkkəbləşir. Bank kollektorları da vətəndaşı pulu qaytarmağa məcbur edə bilmirlər».
 
Məqalədə deyilir ki, bu kreditlərin həlli məsələsini kredit götürənlər, banklar və hökumət birgə həll etməlidir: «Bu məsələnin həllindən qaçmaq olmaz. Öz-özünə heç nə həll edilmir. Aydındır ki, banklar ağır dövr yaşayır, amma bankların əhaliyə güzəştə getmək istəməməsi də başa düşülən deyil. Hətta faizlərin az da olsa endirilməsi ödənişləri yaxşılaşdıra bilər. Yüksək faizlərin olması kreditlərin qaytarılmamasının əsas səbəbidir».(azadliq.org)
 
 
 

Google+ WhatsApp ok.ru