Əhaliyə satılan qaz bahalaşa bilər

Əhaliyə satılan qaz bahalaşa bilər

 
Ekspertlər bildirirlər ki, ölkədə əhaliyə satılan qazın qiyməti çox bahadır, qaz çıxaran ölkə olaraq vətəndaşa kompensasiya verilməlidir
 
Ölkədə yeni bahalaşma dalğasının başlanacağı ehtimalı əhaliyə satılan qazın qiymətinə də diqqət çəkir. Bir müddət əvvəl işığın və suyun qiymətinin bahalaşması qazın da bahalaşacağını düşünməyə əsas yaradır. Ancaq ekspertlər bildirirlər ki, əslində qaz əhaliyə olduqca baha satılır və qiymətinin artırılmasına əsas yoxdur. Yəni ölkə ixrac etdiyi məhsulu xeyli baha qiymətə öz vətəndaşına satır və bundan artığını edə bilməz.
 
Maide.Az məlumat verir ki, MDB ölkələri ilə müqayisədə Azərbaycanda mavi qazın qiyməti də kifayət qədər yüksəkdir. Əhali istehlakçı qrupuna qazın 1000 kub/metri 124 dollara satılır. Amma Rusiyada qazın 1000 kub/metri cəmi 80 dollardır. Qazaxıstanda bu, 70 dollardan da aşağıdır. Ekspert araşdırmasına görə, Azərbaycan MDB-də ən yüksək qiymət tətbiq edən ölkədir. Baxmayaraq ki, Azərbaycanın özü qaz hasil və ixrac edir. Eyni zamanda Azərbaycanın ixrac etdiyi mavi qazın orta qiyməti 49 dollardır. “Azəriqaz”, eləcə də Dövlət Neft Şirkəti vətəndaşlara mavi qazı 2,5 dəfə baha qiymətə satırlar. Xarici ölkələrə satılan qazın qiyməti daxili bazarda satılan mavi qazın qiyməti ilə müqayisədə ucuzdur. Məsələn, Türkiyəyə mavi qazın hər 1000 kub/metri 120 dollara satılırsa, daxili bazarda qiymət 124 dollardır. Müqayisələr əhaliyə satılan mavi qazın qiymətinin yüksək olduğunu göstərir.
 
Ekspertlər “Azəriqaz”ın mavi qaz itkisini əhalinin ödənişləri hesabına ört-basdır etməyə çalışdığını deyirlər. Qazın qiymətinin yüksək olması da onu deməyə əsas verir ki, itkilərdə dəyən ziyan əhalinin vəsaitləri hesabına kompensasiya edilir. Dünyanın heç bir ölkəsində istehlakçılara verilməli olan mavi qazın 50 faizindən artığı itkiyə getmir. Əhalidən qənaət edilən, bəlkə də “oğurlanan” qazın yenidən ARDNŞ-ə qaytarılması və oradan ixraca yönəldildiyi barədə də iddialar var. Lakin ekspertlər bunu inandırıcı saymırlar. Qurum qazı daxili bazarda da bu şərtlərlə “sata” bilər.
 
Ekspert Elşad Məmmədov isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ölkədə qazın əhaliyə baha satılması arzuolunan deyil: “Ümumilikdə götürdükdə, dünya bazarlarında formalaşmış qiymətlərlə müqayisədə ölkəmizdə qazın qiymətlərinin o qədər baha olduğunu söyləmək olmaz. Lakin ölkədəki əhalinin gəlirlərinin, əmək haqqının səviyyəsinin aşağı səviyyədə olmasını nəzərə alaraq bizim ölkə üçün əhaliyə satılan qazın qiyməti məqbul hesab oluna bilməz. Çünki ölkədə orta aylıq əmək haqqı səviyyəsi, minimum əmək haqqının səviyyəsi arzuolunan dərəcədə deyil. Ona görə də düşünürəm ki, qazın hazırkı qiyməti ölkə iqtisadiyyatını, ilk növbədə sosial sektorun spesifik vəziyyətini nəzərə alaraq, yüksəkdir. Yaxın gələcəkdə qazın qiymətinin daxili bazarda azaldılması pesrpektivləri isə inandırıcı görünmür. Qaz satışı Dövlət Neft Şirkətinə tabe edilib. Yəni Dövlət Neft Şirkətinin struktur bölməsi kimi fəaliyyət göstərir. Dövlət Neft Şirkətinin də hazırkı maliyyə durumu, yəni xarici borclarının yüksək səviyyədə olması, eyni zamanda neftin qiymətinin kəskin şəkildə azalması çərçivəsində hazırkı vəziyyətdə maliyyə-iqtisadi problemləri imkan verməz ki, yaxın zamanda daxili bazarda qazın ucuzlaşması reallaşdırılsın. Dövlət Neft Şirkəti son illərdə xarici bazarlarda çox aqressiv investisiya siyasəti həyata keçirib, kreditləşməyə gedib. Bunun hamısı hazırkı şəraitdə nəzərə alınır. Daxili bazarda qaz və neft məhsulları satışı milli valyutada həyata keçirilir. Amma borclar xarici valyuta ilə götürülüb. Nəzərə alsaq ki, milli valyutanın yaxın gələcəkdə bir qədər də ucuzlaşması real olaraq görünür, hesab edirəm ki, yaxın gələcəkdə daxili bazarda qazın satışında, qaz qiymətlərində hansısa bir endirimdən söhbət gedə bilməz. Əksinə, hesab edirəm ki, yaxın aylarda qazın da qiymətlərində artım müşahidə olunacaq. Artıq həm işığın, həm suyun qiymətlərində artım olub. Dövlət Neft Şirkətinin rəhbərliyinin də son dövrlərdə apardığı iqtisadi siyasət, daxili bazarda istiqrazların yerləşdirilməsi özü borclanma siyasətinin bir növüdür. Bu istiqamətdə son aylarda müşahidə edilən trendlər, SOCAR-ın fəaliyyətində baş verənlər yaxın gələcəkdə qazın qiymətlərində hər hansı endirim müşahidə olunacağını söyləməyə əsas vermir. Söhbət daxili bazardan gedir”.
 
Ekspert Natiq Cəfərli isə musavat.com-a qeyd edib ki, daxili bazarda qazın ucuzlaşmasını deyil, bahalaşmasını gözləyir. Onun sözlərinə görə, bunun üçün əsas olmasa da, hökumətin buna gedəcəyi ehtimalı yüksəkdir: “Qazın qiymətinin azalmasını deyil, tam əks proses gözləyirəm. Ola bilər ki, qazın qiyməti yaxın gələcəkdə qalxsın. Çünki ölkədə bəzi büdcə ilə bağlı problemləri həll etmək üçün kommunal xərclərdə bu il də müəyyən artım oldu. Suyun qiymətində, elektrik enerjisinin qiymətində artımlar müşahidə olundu. Bu ilin sonuna, yaxud gələn ilin əvvəlində çox güman ki, qazın qiymətində də artım ola bilər. Bu cür edəcəklər ki, büdcədə yaşanan problemlərin bir qismi həll olunsun. Əslində təbii ki, qaz çıxaran, təbii resursları olan ölkələrin modelinə baxdıqda, qərb modelində də, ərəb ölkələrində də əhali üçün müxtəlif güzəştlər nəzərdə tutulub. Məsələn, Norveçdə güzəştlər başqa formada həyata keçirilir.
 
Sosial layihələrin, sosial məsələlərin daha çox pulsuz dövlət tərəfindən təqdim edilməsi şəklində bu, kompensasiya olunur. Ərəb ölkələrində qiymətin aşağı olması şəklində kompensasiya olunur. Azərbaycanda maraqlı cəhət həm də ondan ibarətdir ki, səmt qazı ”Əsrin müqaviləsi"nə uyğun olaraq bizə pulsuz verilir. ABƏŞ tərəfindən, beynəlxalq konsorsium tərəfindən neft çıxarılarkən onunla paralel çıxan səmt qazı Azərbaycan hökumətinə pulsuz verilir. Bu da ildə təqribən 2,5 milyard kubmetr qaza bərabərdir. Yəni illərdir ki, Azərbaycan bu həcmdə qazı havayı alır. Havayı aldığı qazın hesabına heç olmasa Azərbaycan əhalisinə qazı daha ucuz sata bilərdi. Amma bu yol tutulmayıb. Hətta gözləntilərim qiymətin yaxın gələcəkdə artması yönündədir". (bizimyol) /

Google+ WhatsApp ok.ru