“Allahın Elçisi Məhəmməd (s)” filminin Azərbaycanda göstərilməsi niyə yubanır?

“Allahın Elçisi Məhəmməd (s)” filminin Azərbaycanda göstərilməsi niyə yubanır?

İran rejissoru Majid Majidi-nin «“Allahın Elçisi Məhəmməd (s)” » filminin Azərbaycanda nümayişi yubanır. Onun ölkənin bir çox yerlərində göstərilməsi haqda aylar öncə danışılsa da. Səbəb nədir?
 
Maide.Az azadliq.org saytına isitnadən xəbər verir ki, bir neçə ay öncə İran səfirliyinin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi yerli mətbuata filmin Azərbaycanda göstərilməsi yönündə danışıqlar aparıldığını bildirmişdi.
 
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev AzadlıqRadiosuna deyir ki, tərəflər filmin «İran kino həftəsi»ndə nümayişinə razılıq əldə etsələr də, sonradan göndərilən siyahıda «Məhəmməd: Allahın elçisi»nin adına rastlamayıblar. «Nazirlik filmin nümayişinə etiraz etməyib, onun göstərilməsiylə bağlı narazılıq da yoxdur. Sadəcə, filmin adına İran tərəfinin təqdim etdiyi siyahıda rast gəlmədik. Biz də siyahıdakı filmləri göstərməli olduq», – nazirliyin əməkdaşı bildirir.
 
«Azərbaycan tərəfi filmi almaq istəyirmi» sualını E.Əliyev belə cavablandırıb ki, ölkədəki bütün kinoteatrlar özəldir, yalnız «Nizami» Kino Mərkəzindən başqa. «O da təsərrüfat hesablıdır. Kino Mərkəzi daha çox Türkiyədən filmlər alır, onların da gecələrini təşkil edir. Bir də, filmi onlara distributorlar təklif etməlidirlər».
 
Bununla belə, E.Əliyev İran tərəfi təşəbbüs göstərərsə, sözügedən filmin nümayişinə hazır olduqlarını da bildirir.
 
Yeri gəlmişkən, «Nizami» Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova distributorlardan təklif gözlədiklərini, bu təklifinsə Rusiya və ya Türkiyədən gələ biləcəyini bildirmişdi. Film noyabrdan Türkiyə kinoteatrlarında göstərildiyindən, «gözlənilən təklif»in yaxınlarda olunacağını güman etmək olar. 
 
İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi AzadlıqRadiosuna bildirib, Mədəniyyət və Turizm Nazirliyi filmə baxmamış onun kinoteatrlara çıxarılmasına razı deyil: «Azərbaycan tərəfi dedi ki, birinci biz filmi görək, sonra nümayişi haqda danışaq. Bizdən disk istəmişdilər. Filmin rejissoru Majid Majidi də onun disk halında xaricə çıxmasına icazə vermir. Amma bilirsiniz ki, film bu gün Türkiyədə 380 kinoteatrda göstərilməkdədir».
 
İbrahim İbrahiminin sözlərinə görə, filmin müəllifi onun qanunsuz şəkildə yayılmasından, çəkdiyi zəhmətin bəhrəsini başqalarının götürməsindən narahatdır: «Narahatdır ki, filmini burda disk şəklində yayarlar və daha sonra ona kinoteatrlarda baxan olmaz».
 
Tərəflər çıxış yolu tapıblar, deyəsən. İbrahim İbrahiminin sözlərinə görə, bu yaxınlarda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev İrana səfər etməlidir. Cənab Vəliyev filmə orda baxacaq və onun Azərbaycanda göstərilib-göstərilməməsinə də bundan sonra qərar verəcək.
 
Nazir müavini filmin nümayişinə hər hansı əngəl görməsə, onun Bakıdakı təqdimatına rejissor Majid Majidi özü də şəxsən gələcək. Bunu da İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi deyir. (azadliq.org)
 
 
 

Google+ WhatsApp ok.ru