“Qızıl top”un sahibi məlum olub

“Qızıl top”un sahibi məlum olub

 İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştiano Ronaldo 2016-cı ilin yekunu üzrə "Qızıl top" mükafatının sahibi olub.
 
Bu barədə 1956-cı ildə mükafatı təsis edən "France Football" nəşri məlumat yayıb.
 
Bu, Ronaldo üçün karyerası ərzində dördüncü analoji mükafat olub (2008, 2013, 2014, 2016). Portuqaliyalı yalnız beş "Qızıl top"u olan (2009, 2010, 2011, 2012 və 2015) "Barselona"nın forvardı Lionel Messidən geri qalır. Bundan əlavə, sözügedən mükafata holland hücumçu Yohan Kroyf (1971, 1973, 1974), Marko van Basten (1988, 1989, 1992) üç dəfə, həmçinin fransalı yarımmüdafiəçi Mişel Platini (1983-1985) iki dəfə sahib çıxıb.
 
Bununla belə, 31 yaşlı portuqaliyalı mükafatlandırma mərasimində iştirak etməyib. Çünki o, "Real" klubu ilə dünya klub çempionatının keçirildiyi Yaponiyadadır.
 
Ronaldo 2016-cı ildə "Real Madrid"lə Çempionlar Liqasının qalibi olub. O, həmçinin Portuqaliya yığmasının heyətində Avropa çempionu adını qazanıb.
 
4-cü dəfə Qızıl topa sahib olan Kriştiano Ronaldo öz sevincini belə bölüşüb: "Bu, mənim işimdir. Həmişə ən yaxşı olmağa çalışıram".
 
"Real Madrid"in və Portuqaliya yığmasının 31 yaşlı hücumçusu səsvermənin yekununa əsasən, bu il dünyanın ən yaxşı futbolçusu seçilib.
 
O bildirib ki, bu nailiyyət yalnız komanda hesabına mümkündür. Futbolçunun sözlərinə görə, o, şəxsi uğuru naminə çox şeyi qurban verib:
"Ancaq mənim üçün əsas komanda və onun titullarıdır. "Real Madrid"lə Portuqaliya millisi qalib gəlmirsə, onda mən də qələbə qazanmıram. Buna görə komanda mənin üçün birinci növbədədir".
 
Ronaldo "Qızıl top"u 4-cü dəfə qazanmasının onun üçün böyük şərəf olduğunu söyləyib:
"İlk dəfə mükafatı qazandığım zaman keçirdiyim hissləri indi də hiss edirəm. Arzum yenidən gerçək oldu. Mən heç vaxt təsəvvür etmirdim ki, bu mükafatı 4-cü dəfə qazanacağam. Klubda və yığmada komanda yoldaşlarıma minnətdaram. Mən çox qürurlu və xoşbəxtəm".
 
Futbolçu bu mükafatı 2017-ci ildə qazanmaq üçün də əlindən gələni edəcəyini bildirib.
 
Qeyd edək ki, Ronaldo ilk dəfə "Qızıl top"u 2008-ci ildə qazanıb. (report) /

Google+ WhatsApp ok.ru