Şəri-dini suallara cavablar - SUAL9

Şəri-dini suallara cavablar - SUAL9

Təqlidin bölünməsinə icazə verilirmi?

Maide.Az 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
TƏQLİDİN HÖKMLƏRİ
 
TƏQLİDİN BÖLÜNMƏSİ

SUAL 9: Təqlidin bölünməsinə icazə verilirmi? Yəni bəzi məsələlərdə bir müctəhidin, bəzi məsələlərdə isə digər bir müctəhidin fətvasına əməl eyməyə icazə verilirmi?

CAVAB: Ayətullah Vəhid Xorasanidən başqa, bütün müctəhidlərə görə, iki və ya bir neçə müctəhid elmdə bərabər olduğu təqdirdə, təqlidin bölünməsinə icazə verilir. Misal üçün, namaz və orucun hökmlərində bir müctəhidə, xümsün hökmlərində başqa bir müctəhidə, evlilik məsələlərində isə üçüncü bir müctəhidə təqlid etmək caizdir. Amma bir-birinə bağlı məsələlərdə bu sayaq təqlidə icaz verilmir. Misal üçün, bədən və libasın nəcis olmasının hökmlərində bir müctəhidin, namazqılanın libasının hökmlərində isə başqa bir müctəhidin fətvasına əməl etmək caiz deyildir.

(“İstiftaat”, İmam Xomeyni, 1-ci cild, sual 8-9; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 18; “Təliqatun ələl-urvə”, Ayətullah Sistani, məsələ 13 və 33; “İstiftaat”, Ayətullah Məkarim Şirazi, 2-ci cild, sual 11; “Camiul-əhkam”, Ayətullah Safi, 13-cü cild, məsələ 1 və 4; “İstiftaat”, Ayətullah Nuri Həmədani, 2-ci cild, sual 11 və 1-ci cild, sual 4; “Vəsilətun-nəcat”, Ayətullah Bəhcət, 1-ci cild, məsələ 4 və “Tovzihul-məsail”, məsələ 5; “Camiul-məsail”, Ayətullah Fazil Lənkərani, 1-ci cild, sual 11-12; “İstiftaat”, Ayətullah Təbrizi, sual 42.)

Ayətullah Vəhid Xorasani: Təqlidin bölünməsinə icazə yoxdur. İki və ya bir neçə müctəhid elmdə bərabərdirsə, nəzər və fətvaları ehtiyata uyğun olan müctəhidə təqlid etmək lazımdır. Əks halda, iki müctəhidi cəm etmək lazımdır. Belə ki, əgər bir müctəhid namazın “qəsr” qılınmasını, digər bir müctəhid isə bütöv qılınmasını deyirsə, hər iki fətvaya əməl edilməlidir. Əgər ehtiyata əməl etmək mümkün deyilsə və yaxud çətindirsə, onlardan birinə təqlid etmək lazımdır. (“Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 4.)

QEYD 1: Qeyd edilən hökm ibtidai bölgüyə aiddir; yəni müqəllid üçün nəzərdə tutulan bu seçim o zaman gerçəkləşə bilər ki, öncədən hökmə əməl olunmasın. Əgər hökmə əməl etdikdən sonra başqa bir müctəhidin fətvasına uyğun əməl etmək istəsə, bu zaman “üdul” (müctəhidi dəyişmək) hökmünü daşıyacaqdır.

QEYD 2: Ayətullah Bəhcət və Ayətullah Sistaninin fətvasına əsasən, təqlidin bölünməsinə o zaman icazə verilir ki, müctəhidlər təqvada da bərabər olsunlar.

 

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

 

Google+ WhatsApp ok.ru