“Kürü bombası” partladı

“Kürü bombası” partladı

   “İnsan haqları satışda” – avropalı deputatların ələ alınmasına görə rəsmi Bakını ifşa edən “Kürü diplomatiyası 2” adlı hesabat bu başlıqla başlayır. Sənəd dekabrın 17-də açıqlanıb.
 
Üç gün ərzində Azərbaycan hakimiyyəti ağzına su alaraq oturub, nə deyəcəyini bilməyib.
 
Sənədin baş qəhrəmanı – Azərbaycan parlamentinin  və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü  Elxan Süleymanov da mətbuatdan gizlənib.
 
Belə ki, ESI – Avropada Sabitlik Təşəbbüsü təşkilatı yazır ki, Avropa Şurası standartları öz maraqlarını lobbiləşdirmək üçün avropalıları pulun köməyilə ələ alan Azərbaycan, Rusiya və digərlərinin səyləri sayəsində pozulub.
 
Korrupsiya Azərbaycanın və bu cür rejimlərə malik digər ölkələrin xarici siyasətində əsas alətə çevrilib.
 
2012-ci ildə ESI “Kürü diplomatiyası” adlı hesabatı dərc edib. Sənəddə bu mexanizm açılıb və böyük səs-küy yaradıb. Lakin indiyədək heç nə dəyişməyib.
 
Qara kürü və bahalı xalçalar, Vertu telefonları, daş-qaş Qərb siyasətçilərinin bir çoxu üçün Avropa standartlarından və dəyərlərindən daha üstün olub.
 
Ancaq hansısa anonim şirkətlər tərəfindən avropalı xadimlərə köçürülən pullar ən güclü vasitəyə çevrilib. 
 
Bu cür ittihamlar Azərbaycan tərəfinin narazılığına səbəb olub və hökumət bu ittihamları rədd edib.
 
Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov daha çox canfəşanlıq göstərərək Avropa Şurasını təşkilatın dayaqlarını pozmaqda və ölkə hökumətini bədnam etməkdə ittiham edib.
 
Bu dəfə ESI öz ittihamlarına daha əyani sübutlar təqdim edib. Bura korrupsiya faktlarını inkar edənlərin fəaliyyəti də daxildir.
 
Ələ alınmış avropalı deputatlardan biri italiyalı Luka Volonte olub. O, Azərbaycana səfər edib və bir neçə il ərzində pul köçürmələri əldə edib.
 
Azərbaycan hakimiyyətinin maraqlarının lobbiçisi kimi Volontenin ələ alınmasına bağlı olan şəxslər arasında Elxan Süleymanovun, həmçinin deputat Müslüm Məmmədovun adları çəkilir.
 
 2012-ci ildə Volonte Bakıda Azərbaycanın imicini qaldırmaq üçün öz ideyalarını təqdim edib. Sonradan İtaliya polisi Volontenin kabinetində müxtəlif ölkələrdən pul köçürmələrinin məbləğini təsdiqləyən sənədləri aşkar edib. Bu pul köçürmələrinim mənbəyi kimi Elxan Süleymanov və Müslüm Məmmədov göstərilib.
 
2011-ci ildə E.Süleymanov Volonteyə tapşırıb ki, Azərbaycanda siyasi məhbuslar haqqında hesabata görə Kristofer Ştrasserə qarşı kampaniyaya başlasın.
 
Hazırda polis Volontenin azərbaycanlı deputatlarla yazışmalarını  öyrənir. Bu yazışmalar Volontenin ələ alındığını və onun Bakıdakı kuratorların birbaşa göstərişlərini yerinə yetirdiyini təsdiqləyir.
 
Volontenin “yaxşı işi” sayəsində AŞPA-da Ştrasserin sənədi baş tutmayıb.
 
Bakı Volontedən başqa ispaniyalı deputat Pedro Aqramunt ilə yaxşı əməkdaşlıq edib. Belə ki, o Ştrasserin məruzəsinə, ümumiyyətlə, Azərbaycanda siyasi məhbuslar məsələsinə əngəl olmağa çağırılıb. 
 
ESI-nin sənədlərində azərbaycanlı deputatların AŞPA-da müxtəlif ölkələrin deputatları ilə eyni mövzuda yazışmalarının mətnləri də yer alır. Onların hamısı insan hüquqlarının pozulması faktlarının inkar edilməsi məsələsində rəsmi Bakının mövqeyini fəal müdafiə ediblər.
 
Hesabatda həmin deputatların və onların qruplarının üzvlərinin bu və ya digər məsələlər və qətmanələr üzrə necə səs verməsi faktları qeyd olunur. Belə ki, Rusiya nümayəndə heyətinin 18 üzvü, 10 türk, 9 ispan (Aqramunt daxil olmaqla), 9 italiyalı, britaniyalıların əksəriyyəti (7), ukraynalılar (7), fransızlar (7) Ştrasserin məruzəsinin əleyhinə olublar.
 
 4 illik əməkdaşlıq dövründə Volontenin hesabına 2,5 mln. avroya yaxın vəsait köçürülüb və bu, Volonteni dindirən prokurorluğun diqqətini cəlb edib. O, açıqlama verə bilməyib.
 
2015-ci ilin martında polis Volontenin ofisində axtarış aparıb və bütün elektron daşıyıcıları götürüb.
 
2016-cı ilin fevralında ona qarşı korrupsiya və “çirkli pulların yuyulması” ittihamları irəli sürülüb.
 
Noyabrın 21-də RAI telekanalının nümayiş etdirdiyi filmdə Volontenin işləri, onun Azərbaycan hakimiyyəti ilə əməkdaşlığı ətraflı təsvir olunub.
 
Filmdə Volonte pulları haradan, kimdən və nəyə görə aldığını etiraf edir.
 
Belə deputatların sayəsində 2014-cü ildə Bakıda hakimiyyət vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiya dalğasına başlayıb, onlarla insanı həbs edib, xarici qurumlar da daxil olmaqla, 40-a yaxın QHT-ni ləğv edib.
 
Ştrasserin hesabatının uğursuzluğundan istifadə edən rəsmi Bakı Azərbaycanda siyasi məhbusların olmaması ilə bağlı Avropa Şurasının qərarından sitat gətirərək Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməkdın imtina edib.
 
Sənədin sonunda Süleymanov və Volontenin fəaliyyəti və buna qiymət verilməsi, Süleymanov və Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi, həmçinin Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınması məsələsinin AŞPA-nın yanvar sessiyasının gündəliyinə daxil edilməsi tələb olunub.
 
Azərbaycanda siyasi məhbuslar məsələsinə qayıtmağın və Ştrasserin hesabatının yenidən səsverməyə çıxarılmasının, bu məsələ üzrə yeni məruzəçinin təyin edilməsinin vacibliyi qeyd olunub.
 
Fransa, İspaniya, Almaniya və digər ölkələrin prokurorluqlarının həmin ölkələrin depulatlarının Azərbaycan tərəfindən ələ alınması faktlarını araşdırmasının vacibliyi bildirilib, ESI-nin hesabatında qeyd olunur. (contact.az)

Google+ WhatsApp ok.ru