“Nardaran işi”: daha 12 nəfərin məhkəməsi başlayıb

“Nardaran işi”: daha 12 nəfərin məhkəməsi başlayıb

Dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi başlayıb.
 
Meydan TV-nin məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi hazırlıq iclası başlamazdan əvvəl Elçin Qasımov çıxış edərək bildirib ki, onların heç bir günahı yoxdur:
"Bizdə silah olmayıb. Bizim tək silahımız duadır. Onun da qarşısında heç kim dayana bilməz. Necə ki, dayana bilmirlər və getdikcə vəziyyətləri pisləşir".
 
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İclas dekabrın 30-da davam edəcək.
 
Adları çəkilən şəxslərin bir qismi «Müsəlman Birliyi» Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırov ötən il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov və onunla birlikdə mühakimə olunan 17 nəfərin məhkəməsi davam edir.
 
Elçin Qasımov isə Nardaran hadisələrindən öncə noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib. E.Qasımova Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham verilib. Daha sonra ittihamların sırasına daha 11 maddə əlavə olunub. İttihamlar arasında terrorçuluq, kütləvi iğtişaş törətmə, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi maddələr var.
 

 

Google+ WhatsApp ok.ru