Şəri-dini suallara cavablar - SUAL 13

Şəri-dini suallara cavablar - SUAL 13

Dəstəmazın mənası nədir və onun alınma qaydası necədir?

Maide.Az  10 mərcəi-təqlidin fətvası əsasında  hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

DƏSTƏMAZIN HÖKMLƏRİ

DƏSTƏMAZ ALMAĞIN QAYDASI

 

SUAL 13: Qurani-Kərimdə dəstəmaz haqda ayə vardırmı? Dəstəmazın mənası nədir və onun alınma qaydası necədir?

CAVAB: Qurani-Kərimin “Maidə” surəsinin 6-cı ayəsində dəstəmaz haqda belə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ...

Ey iman gətirənlər, namaza durarkən üzlərinizi və dirsəklərlə birlikdə əllərinizi yuyun, başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə qədər məsh edin...”

Dəstəmaza ərəbcə “vuzu” deyilir və paklamaq, təmizləmək mənasını ifadə edir. Fiqh (şəriət) leksikonunda isə “xüsusi yumaq tərzi”nə deyilir, başqa sözlə, dəstəmaz üz və əlləri yumaqdan, başın qabaq hissəsi və ayaqlara məsh çəkməkdən ibarətdir və bunu iki cür yerinə yetirmək mümkündür: 1. Tərtibi; 2. İrtimasi.

“Tərtibi dəstəmaz” belə alınır: “Qürbətən iləllah” (Allahın əmrinə itaət) məqsədilə, əvvəlcə üzü alının yuxarı hissəsindən, yəni tük bitən hissədən çənənin qurtaracağınadək yumaq lazımdır. Sonra sağ qol dirsəkdən barmaqların ucunadək, sonra isə sol qol eyni qayda ilə yuyulur. Qollar yuyulduqdan sonra əldə qalmış dəstəmaz suyu ilə başın qabaq hissəsinə məsh çəkilir. (Yaxşı olar ki, məsh yuxarıdan aşağıya çəkilsin.) Ondan sonra ayaqlara barmaqların başından ayağın dik hissəsinə qədər məsh çəkilir.”

İnsanın üzü və əllərini dəstəmaz məqsədi ilə suya batırmasına isə “irtimasi dəstəmaz” deyilir. İrtimasi dəstəmazda da üzü və qolları yuxarıdan aşağıya yumaq (dəstəmaz niyyəti etdikdən sonra üzü alın hissədən, qolları dirsəkdən başlayaraq suya batırmaq) lazımdır. Ondan sonra başa və ayaqlara (“tərtibi dəstəmaz”da qeyd edildiyi kimi) məsh çəkilir.

Bəzi əməlləri yerinə yetirmək (məsələn, gündəlik vacib namazlar) üçün dəstəmaz almaq vacib, bəzi əməllər (dua oxumaq, Quran tilavət etmək, meyit namazı qılmaq, daim təharətli qalmaq və s.) üçün isə müstəhəbdir.

(Mərcəi-təqlidlərin “Tozihul-məsail” və “İstiftaat” kitabları, “Dəstəmazın hökmləri” bölümü.)

 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:

1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!
 

 

Google+ WhatsApp ok.ru