“Qripə yoluxmanın pik həddi dekabr ayında olub” - RƏSMİ

“Qripə yoluxmanın pik həddi dekabr ayında olub” - RƏSMİ

“Son vaxtlar Azərbaycanda əsasən kəskin respirator virus infeksiyaları qeydə alınır”. Bu haqda Modern.az-a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.
 
O bildirib ki, bu mövsüm ərzində 286 nəfərdən laborator müayinə üçün nümunələr götürülüb:
 
“5 nəfərdə paraqrip, 6 nəfərdə adenavirus, 2 nəfərdə mövsümi qrip aşkar edilib.
Onu da demək lazımdır ki, bu xəstəliyin pik həddi 2016-cı ilin dekabr ayında qeydə alınıb. Yanvar ayının ortalarından etibarən xəstəlik azalmağa doğru gedir. Gündəlik müraciətlərin sayı 2 dəfə, bəzi ərazilərdə isə 3 dəfə azalıb”.
 
A.Əliyevanın sözlərinə görə, “Honkonq qripi” əsasən, Rusiyanın əyalətlərində geniş yayılıb:
 
“Azərbaycanda 2 nəfərdə H3N2 virusu aşkarlanıb. Həmin pasiyentlər də xəstəliyi çox yüngül keçirib. Hazırda vəziyyətləri tam sağlamdır. Mən bunu pandemik qrip hesab etmirəm. Azərbaycanda qeydə alınan hadisələr əsasən kəskin respirator virus infeksiyalar və tək-tək qeydə alınan mövsümi qrip hallarıdır”.
 
Qrip infeksiyasından dünyasını dəyişənlərin olmasına gəlincə, direktor müavini bununla razılaşmayıb:
 
“Bütün rəsmi məlumatlara görə, Azərbaycanda qripdən ölüm hadisəsi qeydə alınmayıb”.
 

Google+ WhatsApp ok.ru