“Sabah bu ərazilərdə qaz olmayacaq” elanlarının arxasında nə dayanır...

“Sabah bu ərazilərdə qaz olmayacaq” elanlarının arxasında nə dayanır...

Son illərin ən populyar xəbər başlığı budur: "Sabah bu ərazilərdə qaz olmayacaq". Artıq bütün ərazilərdə qaz təchizatı həftənin 2-3 günü ərzində dayandırılır. SOCAR isə bütün ölkə boyunca kütləviləşmiş bu halı "cari işlər"lə izah edir. Amma əhalidə haqlı olaraq sual yaranır: Niyə əvvəllər belə deyildi və qəfildən bu qədər "cari iş" necə peyda oldu? O "işlər" harada icra edilir ki, heç kim o "işlər"i görə bilmir?.. Redaksiyamıza müraciət edən Biləcəri sakini Salman Əliyev də bu sualları əvvəlcə özünə, sonra da yerli qaz idarəsinə ünvanlayıb.
 
"Bu gün səhərdən yenə qazı kəsiblər. 4 gün əvvəl də kəsmişdilər. Hər dəfə saytlarda elan yayırlar ki, "cari işlər"lə əlaqədar qaz kəsiləcək. Amma mən hər gün Biləcərinin və Bakının müxtəlif yerlərində oluram, bütün idarələri iş başında görmüşəm, təkcə qaz idarəsini işləyən vaxtı "tuta" bilməmişəm. Bu gün gedib qaz idarəsindən soruşdum ki, o "cari işlər" harada gedir, yerini deyin, gedib baxmaq istəyirəm. Dedilər ki, bizlik deyil, bizə heç bir iş tapşırılmayıb, qazı yuxarıdan kəsiblər",- deyə S.Əliyev "Bizim Yol"-a şikayətində bildirib.
 
Qeyd edək ki, əvvəllər də belə suallar ortaya çıxıb və cavabsız qalıb. Əhalinin müraciətlərindən bəlli olur ki, SOCAR əslində heç bir yerdə hər hansı "təmir-filan" aparmır, sadəcə olaraq, qaz təchizatında böhran yaşanır. Səbəblərini isə SOCAR-dan başqa heç kim dəqiq bilmir. İqtisadçı ekspertlərin hesablamalarına görə, Azərbaycanın hasil etdiyi qaz ölkəni artıqlaması ilə təmin edə bilər. O zaman bu qaz kəsilmələri niyə baş verir?
 
Biləcəri sakini söhbətini davam etdirir: "Mən Biləcəridə Yeni Massiv adlanan ərazidə yaşayıram. Əvvəllər bu ərazilərdə normal qaz boruları yox idi, əhali özü keyfiyyətsiz borularla uzaq yerlərdən qaz çəkib gətirirdi, boru xətlərinin hamısı qəzalı vəziyyətdə idi, amma hətta o cür keyfiyyətsiz boru şəbəkəsi şəraitində də qazımız kəsilmirdi. "Azəriqaz" müstəqil qurum olduğu vaxtlarda bu ərazilərə yeni boru xətləri çəkdi - hazırda bütün infrastruktur tam yeni və keyfiyyətli vəziyyətdədir. Boru xətlərini təzələyəndə də heç kimin qazını kəsmədilər. Sonra "Azəriqaz"-ı verdilər SOCAR-ın tərkibinə və o vaxtdan bu yana qaz təchizatı yaman günə qalıb. O ərazilərə baxsanız, görərsiniz ki, hazırda oralarda heç bir təmirə, "cari iş"ə ehtiyac yoxdur. Heç kim də bu işlərlə məşğul olmur, neçə illərdir orada "cari işlər"lə məşğul olan qaz işçilərini görən olmayıb. Qoy, SOCAR desin görək, o işlər harada aparılır. Gedək biz də baxaq görək, hansı işlərə görə Biləcəridə qazı kəsiblər?".
 
Xatırladaq ki, dünən SOCAR-dan verilən məlumata görə, "diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar edilmiş qaz sızmasının ləğv edilməsi  ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar fevralın 8-də saat 09:30 dan 18:00-dək" bir sıra ərazilərdə qaz olmayacaq. Amma SOCAR bu boru kəmərinin harada yerləşdirini, sızmanın konkret olaraq harada baş verdiyini göstərməyib. Biləcəri sakini bu gün həmin boru kəmərini və sızma yerini axtarıb ki, gedib "cari işlər"i şəxsən özü müşahidə etsin. Qaz idarəsindən heç kim ona belə bir ərazini göstərə bilməyib: "Boru xətləri köhnə olan vaxtlarda niyə bu qədər sızma olmurdu? Köhnə borularla fasiləsiz qaz alırdıq, indi təzə boruları guya hər gün "təmir" edirlər. Mən bilirəm əslində qazı niyə tez-tez kəsirlər. Baxın, Gürcüstanda kilsələrə, özü də erməni kilsələrinə də pulsuz qaz verirlər. Həm də qazı əhaliyə satmaq bunlara sərf eləmir. Əhalinin qazını kəsib istilikxanalara, kommersiya qurumlarına baha qiymətə satırlar, bilmirəm qiymət fərqini uçota alırlar ya yox... Ona görə də hər yerdə həftədə iki-üç gün qaz olmur. Xəstəliklərin yayıdığı bir vaxtda uşaqlarımızı soyuqdan qırırlar".
 
Qeyd edək ki, bu mövzuda şikayətlər çoxdur və gələcəkdə "cari işlər"in aparıldığı bildirilən ərazilərdən reportajlar hazırlamağa çalışacağıq. Əvvəllər Sabirabad,  Saatlı, Kürdəmir, Hacıqabul rayonlarından da eyni mövzuda şikayətlər almışdıq. Qaz təchizatı dayandırılsa da, rayon sakinləri öz rayonlarında və ətraf rayonlarda heç bir "cari iş" aşkarlaya bilmirlər. Həmsöhbətimiz daha bir məqamı nəzərə almağımızı xahiş etdi: "Nə möcüzədirsə, bunların "cari işlər"i həmişə axşam saat 6-da başa çatır. Hələ indiyə qədər bu "işlər"in bir saat tez tamamlandığını görən olmayıb. Çünki ümumiyyətlə, heç bir iş görülmür, qazı kəsirlər, axşam saat 6-da da açırlar".(bizimyol)

Google+ WhatsApp ok.ru