Əhalini zəlzələ və seldən qorumaq üçün atılacaq addımlar müəyyənləşdirilib

Əhalini zəlzələ və seldən qorumaq üçün atılacaq addımlar müəyyənləşdirilib

Təhlükə potensiallı təbiət xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirləri müəyyənləşdirilib.
 
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhlükə  potensiallı təbiət və texnogen xarakterli hadisələrin  baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda əksini tapıb.
 
Təbiət xarakterli hadisələrin inkişaf etdiyi zaman insanların sığına biləcəkləri və onları təhdidlərdən tam qoruyacaq xüsusi qurğu və sığınacaqlar inşa edilməli, bina və qurğuların təbiət hadisəsinin təsirinə dayanıqlığının artırılmalı, mühəndis-mühafizə tədbirləri (antiseysmik, sürüşmə əleyhinə və digər tədbirlər) görülməlidir. Əhali və ərazilərin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin həyata keçirilmə zərurəti və mümkünlüyü, o cümlədən həcmi, məzmunu və yerinə yetirilmə müddətləri müvafiq ərazidə təbiət xarakterli təhlükənin vəziyyətinin proqnozları əsasında müəyyənləşdirilir. Xüsusi gizlənc yerlərinin və sığınacaqların inşası, bina, qurğular, dambalar və ya digər mühəndis qurğuları əhalini təbiət təhlükələrindən qorumaq imkanında olmadığı hallarda, həyata keçirilir. Mühafizə obyektləri əlçatımlı və insanların sıx olduğu yerlərdə onların  bu obyektlərdə qısa vaxt ərzində sığınmasının təmin edilməsi məqsədi ilə inşa edilməlidir.  
 
Zəlzələlərin dağıdıcı təsirinin azaldılmasına yönəldilən antiseysmik tədbirlərə gəlincə, seysmik təhlükəli rayonlarda seysmik normalara uyğun bina və qurğular inşa edilməlidir. Müvafiq ərazidə seysmik riskin nəzərə alınması ilə mövcud bina və qurğuların yükdaşıyan konstruksiyalarının gücləndirilməsi vacibdir. Sürüşmə və uçqun əleyhinə tədbirlər sırasına yamacın dayanıqlığının artırılması məqsədi ilə onun relyef və formasının dəyişdirilməsi, yeraltı suların səviyyəsinin süni şəkildə endirilməsi, qruntların müxtəlif üsullarla möhkəmləndirilməsi və saxlayıcı qurğuların (istinad divarlarının, svay konstruksiyaları və dirəklərinin və s.) inşası daxildir.
 
Sel əleyhinə tədbirlərə gəlincə, bu sırada sel saxlayıcı qurğuların (beton, daş bəndlər, qrunt materiallarından ibarət bəndlər), sel buraxıcı qurğuların (kanallar, sel buraxıcıları), sel yönəldici qurğuların (yönəldici və qoruyucu dambalar), stabilləşdirici qurğuların (bənd kaskadları, istinad divarları, drenaj qurğular) və selin qarşısını alan qurğuların (bənddə daşqın hallarını tənzimləyən) inşası qeyd edilib. Qar uçqunu əleyhinə profilaktik tədbirlər (monitorinq, proqnoz və məlumatlandırma xidmətinin təşkili, qar uçqunlarının nəzarət altında süni endirilməsi), qar uçqununun qarşısını alan qurğuların inşası və tədbirlər (qarsaxlayıcı hasarlar, sədlər, lövhələr, məhəccərlər) həyata keçirilməli, qar uçqunundan mühafizə qurğuları (yönəldici – sədlər, süni məcralar; ləngidici və dayandırıcı – təpələr, səngərlər, dambalar; buraxıcı qurğular – qalereyalar, estakadalar) inşa edilməlidir. Daşqınların qarşısının alınması üçün su anbarları arasında maksimal su axarı paylaşdırılmalı, hövzələr arasında və çay hövzəsinin daxilində axının istiqaməti dəyişdirilməli, ərazinin dambalarla (torpaq bərkitmə sistemləri) əhatələnməli, çay yatağının buraxıcı qabiliyyəti (yatağın təmizlənməsi, dərinləşdirilməsi, genişləndirilməsi, düzləndirilməsi) artırılmalıdır. Daşqınlardan mühafizə üzrə xəbərdaredici mühəndis-texniki tədbirlərə  mühafizə qurğularının (bəndlərin, dambaların) inşası, mövcud mühafizə qurğularının yenidən qurulması və su axarının gur olduğu vaxtlarda suyun səviyyəsinin son həddə çatmasının qarşısını almaq üçün su anbarlarının daşqın əleyhinə  tutumlarından istifadə edilməsi daxildir. (apa) /
 

Google+ WhatsApp ok.ru