Ərzaq məhsulları 14.5 faiz, qeyri-ərzaq məhsulların qiymətləri isə 12.3 faiz artıb

Ərzaq məhsulları 14.5 faiz, qeyri-ərzaq məhsulların qiymətləri isə 12.3 faiz artıb

Bu ilin yanvarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin yanvar ayına nisbətən 11.9 faiz bahalaşıb.
 
Ərzaq məhsullarının qiymətləri 14.5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12.3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8 faiz artıb.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvarında 2016-cı ilin dekabra nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2.3 faiz yüksəlib.
 
Ərzaq məhsullarının qiymətləri bu bir ayda 2.8, qeyri-ərzaq məhsullarının qiymətləri 2, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1.9 faiz artıb. Əksər ərzaq məhsulları bahalaşıb.
 
 
NƏLƏR BAHALAŞIB
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin qiyməti yüksəlib. Kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın da qiyməti artıb.
 
Habelə, kərə, bitki yağlarının, şəkər, şəkər tozunun, qəhvə, çay və kakaonun da qiymətinin artdığı bildirilir. Bundan başqa, almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində də bahalaşma müşahidə olunub.
 
2017-ci ilin yanvarında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların qiymətində də artım baş verib.
 
Habelə, inşaat materiallarının, mebel, ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin də qiymətlərinin artdığı söylənir. Üstəlik, şüşə məmulatları, yemək qabları, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onların ehtiyat hissələrinin qiymətlərində də bahalaşma olub.
 
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryolu, hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə edildiyi deyilir. Digər ölkələrə hava nəqliyyatı xidmətlərinin, məişət cihazlarının, avtomobillərin təmiri, tibbi xidmətlərin, mənzillərin icarə haqlarının, otel və mehmanxanalarda göstərilən gecələmə haqlarının qiymətlərində isə bahalaşma olub.
 
 
PREZİDENT TƏKRƏQƏMLI İNFLYASİYA DEYİR
Azərbaycan Mərkəzi Bankından (AMB) fərqli olaraq, prezident İlham Əliyev inflyasiya hədəfini açıqlayıb. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident 2017-ci ildə makroiqtisadi sabitliyə təminatın və təkrəqəmli inflyasiyanın vacibliyini vurğulayıb. (AzadlıqRadiosu) /

Google+ WhatsApp ok.ru