“Rusiya ilə İranın Qarabağ münaqişəsinin həllində koordinasiyalı fəaliyyəti müsbət nəticələr verə bilər”

“Rusiya ilə İranın Qarabağ münaqişəsinin həllində koordinasiyalı fəaliyyəti müsbət nəticələr verə bilər”

İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla, Ermənistanla Azərbaycan arasında toqquşmalar vasitəsilə həllini mümkünsüz sayır. Onun fikrincə, Moskva ilə Tehranın bu problemin həllində koordinasiyalı iştirakı doğru və müsbət nəticələrə gətirib çıxarardı.
 
Sabiq səfir, Qafqaz məsələləri üzrə ekspert Möhsün Pakayin “Tasnim” informasiya agentliyinə müsahibəsində, ilk olaraq rəsmi Bakının Rusiyanın hazırkı rəhbərliyinə münasibətilə bağlı sualı cavablandırıb: “Düşünürəm ki, Azərbaycan rəhbərliyi Rusiya ilə əlaqələrə müsbət yanaşır və iki ölkə arasında etimadın sarsıldığını göstərən hər hansı fakt yoxdur. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji, tranzit, ticarət, turizm, investisiya və regional təhlükəsizliklə bağlı əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur”.
 
Diplomat fikrini belə davam etdirib: “Azərbaycan qonşu ölkələrlə əməkdaşlığın genişləndirilməsini öz milli maraqlarına uyğun hesab edir. İran, Rusiya və Azərbaycan arasında üçtərəfli görüşün təşkili də bu kontekstdə qiymətləndirilir. Bu üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Bu, xüsusilə bölgədə təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynaya bilər”.
 
Avrasiya İqtisadi İttifaqının siyasi və iqtisadi nəticələri
 
İranın Bakıdakı sabiq səfiri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına marağından da danışıb. “Rəsmi Bakı bu məsələyə müsbət yanaşır. Bu İttifaq iştirakçı ölkələr arasında böyük müştərək bazarın yaradılmasına imkan verəcək. Siyasi baxımdan da, İttifaqa üzv ölkələr birgə iqtisadi maraqları nəzərə alaraq, siyasi mübahisələri, o cümlədən, ərazi mübahisələrini, Xəzər dənizinin hüquqi statusu və digər məsələləri konstruktiv şəkildə həll edə bilər. Bu, Dağlıq Qarabağ probleminə də aiddir. Rusiyanın Qafqaz regionunu öz strateji nüfuz dairəsi saydığını nəzərə alaraq demək olar ki, Azərbaycanın bu İttifaqa üzv olması Bakı-Moskva əlaqələrinin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlverişli əsas yarada bilər”, - deyə Pakayin qeyd edib.
 
Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşması ümidvericidir
 
Bəs Bakı Rusiyanın Dağlıq Qarabağ probleminin həlli imkanları haqda nə düşünür? Pakayin bu suala belə cavab verib: “Ermənistanla Azərbaycan Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupunu seçib. Lakin nəzərə alsaq ki, Minsk qrupu ötən 20 ildə ciddi bir uğura imza atmayıb, əraziləri işğal altında olduğu üçün problemin həllinə daha çox çalışan Azərbaycan bu işdə Rusiyaya meyl göstərir. Yəni, Bakı Minsk qrupu ilə yanaşı, nizamlama prosesində Moskvanın fəallaşmasını da alqışlayır. Aprelin 27-də Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmək məqsədilə Moskvada üçtərəfli görüş keçirəcəklər. Bu da Moskvanın təşəbbüsüdür. Bir daha qeyd edirəm ki, münaqişənin həlli üçün bu günədək aparılmış danışıqlar, keçirilmiş görüşlər konkret nəticə vermədiyindən, Rusiyanın belə təşəbbüsləri önəmlidir. Rusiyanın bu məsələdə daha da fəallaşmasının münaqişənin həllində önəmli rol oynayacağına ümidlər var”.
 
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur
 
Dağlıq Qarabağ münaqişəsinin həlli açarının Bakı ilə Yerevanda olduğunu deyən Pakayin fikrini belə davam etdirib: “Həqiqət bundan ibarətdir ki, Ermənistanla Azərbaycanın iradəsi olmadan bu problemi çözmək mümkün deyil. Vasitəçi ölkələr, təşkilatlar sadəcə tərəflərin siyasi iradə nümayiş etdirməsinə çalışır. Rusiyanın səyləri də buna yönəlib. Münaqişənin həllinə yönəlmiş regional və beynəlxalq səylər hələlik nəticəsiz qalsa da, bu səylərin problemin daha da kəskinləşməsinin, münaqişənin toqquşmalara çevrilməsinin önlənməsi baxımından faydalı olduğunu deyə bilərik”.
 
“Rusiya da buna çalışıb. Xüsusilə 2016-cı ilin aprelində baş vermiş qanlı toqquşmalardan sonra, Moskva bütün səylərini Azərbaycanla Ermənistan arasında yeni toqquşmaların qarşısının alınmasına yönəldib. Hesab edirəm ki, Azərbaycan hərbi texnika, şəxsi heyət, əhali və sərvət baxımından Ermənistandan üstün olsa da, bu münaqişənin hərbi yolla həlli yoxdur. Aparılan sülh danışıqlarının uğurlu olması üçün 7 rayonun qaytarılması ilə bağlı məsələ həll edilməlidir. Daha sonra Qarabağın gələcəyi beynəlxalq hüquq mexanizmlərilə çözülə bilər”, - deyə diplomat qeyd edib.
 
Pakayin sonda münaqişənin həlli işində ən uğurlu rol oynaya biləcək ölkələrin adlarını çəkib: “Şəxsən mənim Minsk qrupuna ümidim yoxdur. Düşünürəm ki, Qarabağ probleminin region ölkələrinin, xüsusilə də Rusiya və İranın vasitəçiliyilə çözülməsinə çalışılarsa, optimal həll variantı tapıla bilər”.
 
“İranla Rusiyanın üstünlüyü onların münaqişə tərəfləri – həm Azərbaycan, həm də Ermənistanla əlaqələrinin olmasıdır. Bundan başqa, Moskva ilə Tehran bu münaqişənin həllində maraqlıdır, belə məsələlərdə təcrübəyə malikdir. Odur ki, Moskva ilə Tehranın Dağlıq Qarabağ münaqişəsinin həllində koordinasiyalı iştirakı, güman ki, müsbət nəticələr verər”, - deyə diplomat bildirib.
 
(WorldMedia)
 

Google+ WhatsApp ok.ru