Əmanətlərin qaytarılması problemə çevrilib

Əmanətlərin qaytarılması problemə çevrilib

“Novoye Vremya” qəzetində isə “Pul gözləməyin” sərlövhəli məqalə diqqəti çəkir.
 
Müəllif yazır ki ölkənin bank sistemində ağır durum hökm sürür. Bağlanan banklarda əmanətlərin verilməsində problemlər yaşanır.
 
Müəllif bildirir ki, yerli banklarda kapitallaşma yüksək səviyyədə deyil. Bəzi banklar bağlanmaq həddindədir və hökumətdən dəstək umurlar.
 
Yazıda Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadovun “Standartbank ”ın Kreditorlar Komitəsinin birinci iclasındakı çıxışından sitat da gətirilir:
 
“Fondda 700 milyon manatlıq borc var. Bu vəsaitləri banklardan almaq çətinləşib. Bütün bankların əmlakları girovdadır, bəzi bankların kredit portfelinin 80 - 90 faizi problemlidir. Fond vəsaitlərin qaytarılmasında heç də “Standartbank”ın kreditorlarından az maraqlı deyil”.
 
Müəllif yazır ki, müştərilərin kredit almaqdan ötrü əmlaklarını bankda girov qoyması başa düşüləndir. Amma bankların əmlaklarının girovda olması yeni-yeni üzə çıxır:
 
“Nə üçünsə bu indi aşkar olub. Nə ləğv edilən bankların təmsilçiləri, nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası bu haqda məlumat veriblər. Bir tərəfdən başa düşüləndir ki, onsuz da narahatlıq keçirən bank müştərilərini bir az da narahat etmək istəməyiblər. Digər tərəfdən isə onlar müştəriləri zərbə altında qoyublar”.
 
Müəllif hesab edir ki, bankın əmlakının girovda olduğu bilinsəydi heç kəs onlara əmanət etibar etməzdi
 
Yazıda bildirilir ki, belə bir durum ləğv edilmiş bəzi banklarda da yaranıb .
 
Müəllif vurğulayır ki, banklara əvvəllər də xalqın etimadı yox idi. Bu informasiya ictimailəşəndən sonra etimad daha da azalıb:
 
“Hamını fakt qarşısında qoyan Fond işarə edib ki, bank müştəriləri pullarını gözləməsinlər. Hələ, müştərilər pullarını bağlanmayan banklardan kütləvi şəkildə çıxarmayıblar. Əgər, buna başlasalar çox bankların müflis olması qaçılmazdır”. /

Google+ WhatsApp ok.ru