Əfv Komissiyasının bir üzvü əfv olacağını deyir, digəri təkzib edir

Əfv Komissiyasının bir üzvü əfv olacağını deyir, digəri təkzib edir

15 iyun Qurtuluş günü və 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı əfv sərəncamının veriləcəyi gözlənilir. Bu barədə lent.az-a Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova məlumat verib.
 
“Artıq biz sənədləri toplayırıq və həmin sənədlərə baxırıq. Mən hesab edirəm ki, artıq növbəti əfv sərəncamının vaxtı çatıb. Bununla bağlı müəyyən işlər görülür. Ona görə də deyə bilərəm ki, 15 iyun və ya 18 oktyabr tarixlərinin birində əfv sərəncamı veriləcək. Bununla da daha bir qrup məhkum azadlığa qovuşacaq” - deyə, xanım deputat bildirib.
 
Onun sözlərinin ardından əfv məsələsi hər zaman olduğu kimi yenidən aktuallaşıb. Bunun fonunda həbsdə olan siyasi məhbusların azadlığı bir daha gündəm olub. Düzdür, elə siyasi məhbuslar var ki, əfvə düşmək şansları sıfıra bərabərdir. Çünki onlar barəsində yekun məhkəmə qərarı yoxdur, istintaqları gedən siyasilər də var. Amma bununla belə, əfvə düşmə şansları yüksək olan siyasi məhbuslar da var ki, veriləcək əfvdə onların azadlığa çıxa biləcəkləri qeyd olunur. Bu sırada REAL hərəkatının rəhbəri İlqar Məmmədov, NİDA-çı gənc İlkin Rüstəmzadə, vəkil Əliabbas Rüstəmov kimi barələrində məhkəmə qərarları olan şəxslərin adlarını çəkmək olar.
 
Bir deputatın dilindən əfv sərəncamının veriləcəyi ilə bağlı səslənən fikirlərin təsadüf olmadığı vurğulanır. Bu baxımdan, ilin sonuna qədər əfvin verilmə ehtimalları yüksək dəyərləndirilir.
 
Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev yayılan xəbərlərə belə münasibət bildirdi: “Əfv sərəncamının imzalanması cənab prezidentin müstəsna səlahiyyətinə aiddir. Bu baxımdan, o sərəncamı nə zaman verməyi ölkə başçısı müəyyən edir. Bir qayda olaraq, ölkəmizdə tarixi günlərdə, milli bayramlarda əfv sərəncamı verilə bilər. Son illərdə əfv sərəncamının daha çox Novruz bayramında və 31 dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni illə bağlı verildiyinin şahidi olmuşuq. Nəzərə alaq ki, sonuncu belə sərəncam mart ayında imzalanmışdı. 423 məhbusa şamil olunmuşdu. Yaxın günlərdə, yaxud qarşıdakı zamanların birində əfv sərəncamının veriləcəyini konkret söyləmək mümkün deyil, çünki bir daha deyirəm ki, bu ölkə başçısına aid məsələdir”.
 
Komissiya üzvü əfvin olmama ehtimallarından da söz açdı: “Nəzərə alaq ki, sonuncu əfvdən az müddət vaxt keçib. Bu baxımdan, yaxın günlərdə, aylarda əfv sərəncamının imzalanmasını gözləmirəm. Məsələnin digər tərəfinə gəlincə isə əlbəttə, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsi, Əfv Komissiyasının katibliyi daimi fəaliyyət göstərdiklərinə görə hər gün, hər həftə məhkumların özləri, onların yaxınları, vəkilləri və müxtəlif təşkilatlar, deputatlar tərəfindən müraciətlər daxil olur. Eyni zamanda Əfv Komissiyasının üzvlərinə edilən müraciətlər də katibliyə yönləndirilir. Bütün daxil olan məlumatlarla bağlı ciddi araşdırmalar aparılır. Əfv Komissiyasının iclaslarının müəyyən edilməsi komissiya sədrinin səlahiyyətinə aid məsələdir. Yaxın günlərdə Əfv Komissiyasının iclasının olması ilə bağlı məlumata malik deyiləm”. (musavat) /
 

Google+ WhatsApp ok.ru