“Exchange”lərin “bəxtini bağlayan” səbəblər

“Exchange”lərin “bəxtini bağlayan” səbəblər

Ekspert: “VDM işlətməyə maraq göstərən insanlar olsa da, bu sahədə kütləvi aktivlik yarandığını görmürük”
 
Məlum olduğu kimi, bu ilin aprelində Milli Məclisin qərarı ilə valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa etdi. Qərar verildi ki, bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirsin. Daha öncə isə Azərbaycanda valyutadəyişmə məntəqələri fəaliyyət göstərərkən tənzimləyici funksiyasını Mərkəzi Bank həyata keçirirdi.
 
Yeni qanuna görə, valyutadəyişmə məntəqəsi açmaq üçün lisenziya almaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyəcəkdi. Qanun qəbul edilərkən “Exchange” sahiblərinin 50 min manat depozit qoyması məsələsi mübahisə doğurdur və bu maddə qanundan çıxarıldı. Lakin həmin məbləğin və digər şərtlərin müəyyən edilməsi Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb. Artıq üzərindən 2 aydan çox vaxt keçib. Lakin paytaxtın mərkəzi küçələrində bir dənə də olsun “Exchange” gözə dəymir.
 
“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli hazırda prosesin Maliyyə Bazarlarına Nəzarət Palatasından asılı olduğunu bildirdi: “Valyutadəyişmə məntəqələri üçün illik 500 manat lisenziya haqqı normal məbləğdə qəbul olunsa da, depozitlə bağlı 50 min manat təklif olunurdu. Müzakirələr nəticəsində qanunvericilikdən 50 min sözü çıxarıldı, ancaq müvafiq icra strukturunun müəyyən etdiyi depozit miqdarı yazıldı. Burada müvafiq icra strukturu Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Palatanın mövqeyi və depozitin həcmi haqqında hansı cür qərar verəcəyi, çox təəssüf ki, bu günə qədər nə mətbuata, nə də iş adamlarına açıqlanmayıb. Qanunvericilikdə olan müddəaya görə, Palata istədiyi məbləği təyin edə bilər. Əslində bu çox səhv bir qərar idi, təsbit olunmalı idi, heç bir manipulyasiyalara yol verilməməli idi. 50 min manat çox böyük vəsait idi, onu qanundan çıxartdılar. Amma təəssüf ki, qanunvericilikdə bəlli bir depozit miqdarı öz əksini tapmadı. İndi qərar verən orqan istədiyi depozit miqdarını təyin edə bilər. 5 min manat da təyin edə bilər, 100 min manat da... Ona görə də valyutadəyişmə məntəqələrinə marağın olmamasının əsas səbəbi bunun hansı formada həyata keçiriləcəyinin naməlim olmasıdır.
 
VDM işlətməyə maraq göstərən insanlar olsa da, bu sahədə kütləvi şəkildə aktivlik yarandığını görmürük. Təəssüf ki, bu günə qədər Palatanın bununla bağlı mövqeyinin necə olacağını da bilmirik. Məlum deyil ki, nə qədər bir depozit miqdarından söhbət gedir, həmin depozit sonradan iş adamına geri qaytarılacaqmı, hansı şərtlər daxilində geri qaytarılacaq. İş adamı sonradan o depozitdən necə istifadə edə bilər. Bu məsələlərlə bağlı çox sayda suallar var. Həmin suallara aydınlıq gəlməyincə, depozitin miqdarı kifayət qədər aşağı olmayınca, bu sahəyə maraq artmayacaq".
 
İqtisadçının sözlərinə görə, bu yerli vətəndaşların şənbə və bazar günləri, bayram günləri, iş günləri saat 18:00-dan sonra valyutadəyişmə imkanlarını çətinləşdirir: “Xarici turistlər üçün müəyyən çətinliklər yaradır. Çünki bəlli banklar ancaq şəhərin mərkəzində istirahət günləri və digər günlər axşam saatlarında öz şəbəkələrini çalışdırırlar. Bu isə tələbatı ödəmək qabiliyyətində deyil. Palata iş adamlarında yaranan suallara aydınlıq gətirməlidir. Çox şəffaf şəkildə depozitlər və onun həcmi ilə bağlı məsələyə aydınlıq gətirməlidir. Heç bir iş adamı ”Exchange" açmaq istəyərkən, 50 min manatı bəri başdan depozitə qoyub, ondan istifadə hüququndan məhrum olmaq istəmir. Çünki bu böyük bir məbləğdir. Valyutadəyişmə məntəqələri vətəndaşlar üçün yeni iş yerlərinin açılması imkanı, həm də rahat gəlir mənbəyi deməkdir. Bundan əlavə, turistlər üçün valyuta əməliyyatlarının rahat həyata keçirilməsi imkanları deməkdir. Təəssüf ki, bununla bağlı bəlli bir yol xəritəsi yoxdur deyə, iş adamları maraq göstərmək istəmir".
 
Yeni açılacaq VDM-lərin maliyyə bazarına təsirinə gəlincə, N. Cəfərli bunun maliyyə sabitliyində elə də böyük rol oynamadığını qeyd etdi: “Mən valyutadəyişmə məntəqələrinin bağlanmasını yanlış qərar hesab edirdim, bu gün də elə hesab edirəm. O zaman da maliyyə sabitliyinin pozulması ilə valyutadəyişmə məntəqələri arasında heç bir əlaqə yox idi. Ardıcıl baş verən devalvasiyalardan sonra bir ajiotaj yaranmışdı. Təbii ki, insanların valyutaya tələbatı da artmışdı. Artan tələbatı ödəmək üçün vətəndaşlar VDM-lərə üz tuturdular. O baxımdan, ”Exchange"lərdə dollar çatışmazlığı yaşanırdı. Bu da ajiotajı daha da artırırdı. Çünki valyutanın çatışmaması onların günahı deyildi. Onlar banklardan dollar götürə bilmirdilər, həmçinin əhali əlində olan dolları dəyişmək istəmirdi. Maliyyə sabitliyini yaradan və ya onu dəstəkləyən qurum valyutadəyişmə məntəqələri deyil. Ona görə də bu səhv qərarı idi və ölkə boyunca 4000 nəfəri işsiz qoydu. İndi də VDM-lərin açılmasının maliyyə sabitliyi ilə birbaşa əlaqəsi olmayacaq. Əksinə, həm turistlər, həm də vətəndaşlar üçün daha rahat bir şəraitin yaranmasına səbəb olacaq. Qonşu Gürcüstanın mərkəzi Tiflisdə hər addımda valyutadəyişmə məntəqəsi var. Bu o demək deyil ki, Gürcüstanda maliyyə sabitliyi yoxdur. Türkiyədə də hər addımda valyutadəyişmə məntəqələri var. Bunun maliyyə sabitliyi ilə heç bir əlaqəsi yoxdur". /

Google+ WhatsApp ok.ru