“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxır

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxır

Bu gün "Qarabağ" komandası Azərbaycan tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasında 2017-2018 mövsümü üzrə qrup mərhələsində mübarizəyə başlayacaq.
 
Ağdam klubu İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olacaq. C qrupunda yer alan komandaların görüşü Stamford Bridge stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Görüşü Tasos Sidiropulosun başçılıq etdiyi yunanıstanlı hakimlər briqadası idarə edəcək.
 
Virtualaz.org bildirir ki, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə dünən Londonda “Qarabağ” komandasını ziyarət edib.
 
Stamford Bridge stadionunda keçirilən məşqdən əvvəl komandanın rəhbərliyi, məşqçilər və futbolçularla görüşən səfir, seçmə və pley-off mərhələlərindəki yüksək səviyyəli mübarizənin və nəticələrin qrup oyunlarında da nümayiş etdiriləcəyinə inamını ifadə edib.
 
Diplomat qeyd edib ki, Avropanın əsas milli liqalarında 700-ə yaxın komandanın içərisində ilk 32-yə daxil olmuş “Qarabağ” nəinki ölkəmizdən, hətta regionumuzdan bu mərhələyə vəsiqə qazanan ilk komandadır. “Bütün xalqımız kimi, Londondakı azərbaycanlı futbolsevərlər də bu gün sizi dəstəkləmək üçün səfərbər olublar, formalarını və bayraqlarını hazırlayıblar. Əlbəttə, mən və səfirliyimizin bütün əməkdaşları da stadionda sizlərlə bərabər olacağıq”, - deyə Böyük Britaniyadakı səfirimiz vurğulayıb.
 
Yeri gəlmişkən, onu da bildirək ki,  Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Çelsi" ilə səfər oyunu öncəsi keçirilən dünənki mətbuat konfransında rəqibin nüfuzundan və gücündən asılı olmayaraq, meydana qələbə üçün çıxacaqlarını bildirib.
 

Google+ WhatsApp ok.ru