“Google” Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini təsdiqlədi

“Google” Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini təsdiqlədi

“Google” ilk dəfə olaraq Rusiyanın şirkət platformalarından istifadə edərək ABŞ-dakı prezident seçkilərinə təsir göstərməyə çalışdığına dair sübutlar əldə edib.
 
Bunu “The Washington Post” (WP) şirkətin daxili təhqiqatı barədə məlumatlı olan mənbələrə istinadən yazıb. Mənbələr bildirib ki, Rusiya bu məqsədlə on minlərlə dollar dəyərində reklamlar alıb.   
 
Siyasi reklamlar “YouTube” və “Gmail”də, eləcə də “Google”a aid olan “DoubleClick” reklam platformasında yerləşdirilib. Reklamları alanlar “Facebook”da eyni məqsədli reklamlar alanlardan fərqli mənbələr olub.  
 
WP yazır ki, seçkiqabağı dövrdə “Google” platformalarında yerləşdirilən və ümumi dəyəri 100 min dollara yaxın olan reklamlar hazırda araşdırılır. Hələlik bu reklamların hamısının Kremlə yaxın strukturların sifarişi olub-olmadığı dəqiq müəyyən edilməyib.
 
Qeyd edək ki, ABŞ-ın digər İT şirkəti – “Microsoft” korporasiyası da Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı araşdırma aparır. Daha öncə isə “Facebook” və “Twitter” bu barədə məlumatları Konqresə təqdim ediblər. Konqresdə mövzuya dair geniş ictimai dinləmələr keçirilməsi planlaşdırılıb.  (lent.az)
 

 

Google+ WhatsApp ok.ru