“Bir ölkənin inkişafı təhlükəsizliyinin təminindən asılıdır” – Ayətullah Xamenei -YENİLƏNİB

“Bir ölkənin inkişafı təhlükəsizliyinin təminindən asılıdır” – Ayətullah Xamenei -YENİLƏNİB

 (ilk xəbər bu gün saat 12:30-da dərc olunub) 
 
Xəbər verdiyimiz kimi, bu gün səhər İranın İmam Əli (ə) adına Hərbi Akademiyada, Silahlı Qüvvələrin  Ali Baş Komandanı Ayətullah Seyid Əli Xameneinin iştirakı ilə məzunların buraxılış, andiçmə və poqonlarla təltif etmə mərasimi keçirilib. 
 
Maide.Az "leader.ir" saytına istinadən  xəbər verir ki, mərasimin əvvəlində Ayətullah Xamenei şəhidlərin xatirəsinin yad edildiyi məkanı ziyarət edib, ruhlarına “Fatihə” surəsini  oxuyaraq onlar üçün Allah dərgahında uca məqamlar diləyib.
 
Daha sonra Ali Rəhbər meydanda düzülmüş hərbi birləşmələrin təntənəli paradını izləyib.  
 
Ayətullah Xamenei çıxış edərək ölkənin Silahlı Qüvvələrinin ən önəmli məsuliyyət və vəzifəsinin  təhlükəsizliyin təmini olduğunu vurğulayıb. “Ölkədə müxtəlif sahələrdə o cümlədən elmi, sənaye və iqtisadi cəhətdən inkişafın olması təhlükəsizliyin təminindən asılıdır. Təhlükəsizlik bütün güc ünsürlərinin və inkişafın artması üçün bünövrədir.  Ona görə ki,  qeyri-sabitlik olarsa zehinlərdə olan parlaq və böyük məqsədlər unudular.”
 
Ayətullah Xamenei əlavə edib ki, hazırda ölkənin ən önəmli məsələsi  iqtisad və əhalinin güzəranı məsələsidir. “Ölkənin iqtisadiyyatının bünövrəsi neft gəlirlərindən asılı olduğu üçün stabil deyil. İqtisadiyyatın neftdən asılılığı  tarixi problemdir  və İnqilabdan öncədən miras qalmış məsələdir.  Bu isə bizim müxtəlif dövrlərdə  neft satışı və onun gəliri ilə bağlı narahatçılığımıza səbəb olub.  Ölkə iqtisadiyyatı neftdən asılılıqdan uzaqlaşdırılmadıqca  bünövrəsi  sabit ola bilməz.   Bu məsələnin hərbiçilər qarşısında  bildirilməsi təhlükəsizlik məsələsinin bütün sahələrdən nə qədər önəmli olmasını göstərmək üçündür.”
 
Ayətullah Xamenei deyib ki,  bir vaxtlar İran ABŞ, ingilis və sionist müşavirlərinin ayaqları altında başı aşağı idi. “Amma bu gün hegemonlar İranın regionda gücə sahib olmasını qəbul edə bilmir. İndi bizim milli iqtidarımız düşmənlərimizin düşüncəsinə görə onlara mane olandır. Ona görə də bizimlə mübarizə aparırlar.”
 
Ali Rəhbər ölkənin ballistik raketlər və digər müdafiə proqramının müzakirə obyektində olmayacağı barədə də qəti xəbərdarlıq edib. "Bizim müdafiə gücümüz müzakirə obyekti ola bilməz. Bundan öncə də, indi də deyirik ki, ölkənin müdafiə imkanlarının müzakirə edilməsi haqda danışıqlar aparılmayacaq. Düşmən, “filankəslərin niyə müdafiə vasitələri var?”, “niyə istehsal edirlər?”, “niyə araşdırırsınız?” deyirlər. Amma bilməlidirlər ki, biz milli gücümüzü təmin edirik və bu barədə heç kimlə də müzakirə aparmırıq.”
 

 

Google+ WhatsApp ok.ru