“Əgər birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın”

“Əgər birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın”

-- Samir Əliyev: “Azərbaycanda da, sərnişindaşımada differensial tarif sisteminə keçilməlidir”

BakıKart ilə işləyən avtobusların sayı artdıqca dayanaqcaqlardakı aparatların önündə növbələr də uzanır. Elə buna görə də,  hər dəfə karta gediş üçün vəsait ödəmək xeyli vaxt itkisinə səbəb olur.  Bəzi hallarda bütün dayanacaqlarda belə aparatlar olmadığından digər dayanacağa qədər piyada getməkdən savayı əlac qalmır. Ən yaxşı halda isə digər sərnişindən əvəzimizə ödəniş etməsini xahiş edirik. Dayanacaqdakı aparatlarda texniki problem yarandıqda isə vəziyyət daha da qəlizləşir. Bəzi dayanacaqlarda quraşdırılan MilliÖn aparatlarının dəstəyi də yetərli olmur.
 
Bəs görəsən bu problemdən çıxış yolu varmı?. Dünya praktikasında avtobuslara nəğdsiz ödənişlər necə tənzimlənir?.
 
Maide.Az bildirir ki, mövzunu İslaminSesinə şərh edən iqtisadçı ekspert Samir Əliyev maraqlı təkliflər səsləndirib. İqtisadçı bildirib ki, şəhər nəqliyyatında nağdsız ödənişə keçilməsi təqdirəlayiqdir. Əhali demək olar ki bu sistemə tam öyrəşib. Bunun üçün müəyyən qədər infrastruktur da qurulub:  “Ancaq bu infrastruktur köhnəldikcə daha çox yatırım tələb edəcək. Təsəvvür edin bir dayanacaqda aparatın bir neçə saat işləməməsi sərnişinlərin işini nə qədər çətinləşdirir. Xarici ölkələrdə də dayanacaqlarda adətən 1-2 aparat quraşdırılır. Ancaq orada bizdəki kimi növbələr yoxdur. Səbəb isə çox sadədir. Xarici ölkələrdə differensial tarif sistemi tətbiq edilir. Adətən tarif bir gedişlik, günlük, həftəlik, aylıq  hətta illik olur. Gediş sayı artdıqca bir gedişin dəyəri də aşağı düşür. Məsələn, bir gedişin haqqı 1 avrodursa, aylıq ödəniş zamanı tarif aşağı düşür və bir gediş haqqı təxminən 50 sentə qədər ucuzlaşır. Burda həm əhali qazanır ki, xərcləri azalır və aparatların qarşısında vaxt itirmirlər. Nəqliyat şirkətlərinin qazancı isə qısa müddətdə böyük məbləğdə birdəfəlik vəsait etmələri olur”.
 
Samir Əliyevin sözlərinə görə, Azərbaycanda da nəhayət ki sərnişindaşımada differensial tarif sisteminə keçilməlidir: “Əgər birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın?. Digər məsələ ödənişin rahatlığı məsələsidir. Əhali hələ də BakıKart kartından asılı vəziyyətdədir. İtirdikdə və ya təsadüfən evdə unutduqda yenisini almaq məcburiyyətində qalır. Halbuki çıxış yolu ödəniş sistemini digər kartlara da uyğunlaşdırmaqdır. Bunun üçün debet (maaş, pensiya və s.) və kredit kartları, eyni zamanda mobil telefon vasitəsilə ödənişə imkan verən NFC (Near-field communication) sisteminin tətbiqinə başlanmalıdır”.
 
İqtisadçı qeyd edib ki, şəhərdaxili sərnişindaşımada gediş haqlarının artırılması zaman məsələsidir:  “Bu addım xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinə mənfi təsir edəcək. Hökumət indi etməsə də, qiymət artımı zamanı differensial tarifi tətbiq etməklə artımın əhaliyə neqativ təsirini bir qədər azalda bilər”.
 
 
 

Google+ WhatsApp ok.ru