ƏHLİ-BEYT (Ə) DOSTLARININ XÜSUSİYYƏTLƏRİ

ƏHLİ-BEYT (Ə) DOSTLARININ XÜSUSİYYƏTLƏRİ

-- beş mühüm xüsusiyyət

İmam Sadiqin (ə) Abdullah ibn Cündəbə tövsiyəsində Əhli-beyt (ə) dostlarının beş mühüm xüsusiyyətindən söz açaraq buyurur:

يا عبدَاللّه لَقَدْ نَصَبَ اِبليسُ حَبائِلَهُ فى دارِالغُرورِ فَما يَقْصُدُ فيها الاّ أولياءَنا

“Ey Abdullah, şeytan bu aldadıcı dünyada öz tələlərinİ qurub. Onun bu işdə bizim dostları tələyə salmaqdan başqa məqsədi yoxdur.

Sonra İmam (ə) öz dostlarının xüsusiyyətlərini şərh etməklə şeytanın hədəfə aldığı insanları tanıtdırır, onların xüsusiyyətlərini sadalayır:

1. Axirət sevgisi:

و لَقَدْ جَلَّتِ الاْخِرَةُ فى اَعْيُنِهِمْ حتّى ما يُريدونَ بها بَدَلا

“Axirət onların nəzərində o qədər əzəmətlidir ki, onu heç vəchlə heç nəyə dəyişməzlər.

Hansısa bir məqamda dünya ilə axirəti seçmək zərurəti yaranarsa, Əhli-beyt (ə) dostları tərəddüd etmədən axirətə üstünlük verərlər.

2. Nurla dolu qəlb:

آه آه على قُلُوب حُشِيَتْ نوراً

“Onların qəlbləri necə nurla doludur!

İnsanın batini, qəlbi və ruhu müxtəlif əşyaların saxlandığı sandıqça kimidir. Hisslərdə qüvvələr toplandığı kimi, bu sandıqçada da qüvvələr toplanmışdır. Hiss aləmi böyük və tanınmış qüvvələrin səhnəsi olduğu tək, insan qəlbi də mənəvi qüvvələrin səhnəsi, sığınacağıdır. Bu mənəvi nuraniyyət Allahın insana lütfüdür. Hər bir insan öz qəlbini nurlandırmaq ləyaqəti qazana bilər. Nurla dolu qəlbin əlaməti dünyaya və dünyanın bər-bəzəyinə rəğbətsizlikdir. Nurlu qəlbin bütün diqqəti mənəviyyat və axirətə yönəlir. Əksinə, dünya həyatına könül verənlərin batini qaranlıq, gözləri isə həqiqətə qarşı kordur. Belələri dünyanın aldadıcı görkəminə aldanır. Odur ki, Əhli-beyt (ə) dostlarının 3-cü xüsusiyyəti dünyapərəstlikdən uzaqlıqdır.

3. Dünyapərəstlikdən uzaqlıq;

و اِنَّما كانَتِ الدُّنيا عِنْدَهُم بِمَنْزَلَةِ الشُّجاعِ الاَْرْقَم و العَدُوِّ الاعْجَم

“(Əhli-beyt (ə) dostları) dünyanı onları aldatmaq intizarında olan təhlükəli bir ilan və söz anlamayan düşmən kimi bilərlər.”

Zəhərli səhra ilanları digər canlıları aldatmaq üçün quyruqları üstə dik qalxarlar. İmam Sadiq (ə) dünyanı yol üstə dayanmış təhlükəli bir ilana və söz anlamayan düşmənə bənzədir.

Qeyd etməliyik ki, dünyaya etinasızlıq bir küncdə oturub vəzifəyə əməl etmək deyil. Hər bir insanın vacib dünyəvi vəzifələri vardır. Məsələn, ruzi qazanmaq. Ruzi qazanmaq dünyapərəstlik deyil. İnsanın günün hər saatına uyğun bir vəzifəsi vardır. İnsan dünyaya aldanmadan öz vəzifəsini icra etməlidir. Həqiqi Əhli-beyt dostlarının nəzərində dünya kiçik, axirət isə böyükdür. İnsanlıq dünya işlərinə aldanmaqda yox, Allaha ibadətdədir.

4. Allahla ünsiyyət:

اَنِسوا باللّهِ

“Onların ünsiyyəti Allahladır.

Ünsiyyəti yalnız maddi istəklərlə olan dünyapərəstlərin ziddinə olaraq, Əhli-beyt (ə) dostları Allahla ünsiyyətdədirlər. Dünyapərəstlər üçün xəlvət bir otaqda iki rükət namaz qılmaq zindanda cəlladın işgəncəsinə məruz qalmaq qədər ağırdır. Amma Allah dostları biganələrdən uzaq bir guşədə həqiqi məhbubla ünsiyyət intizarındadırlar. Onlar namaz vaxtını həsrətlə gözləyər, Allahla raz-niyazdan böyük ləzzət alarlar.

5. Eyş-işrət məclislərindən uzaqlıq:

و اسْتَوحَشوا ممّا بِهِ اسْتَأْنَسَ المُتْرَفونَ اولئك اوليائى حقّاً و بِهِمْ تُكْشَفُ كُلّ فتنة وَ تُرْفَعُ كُلُّ بليّة.

“(Əhli-beyt (ə) dostları) mütrüblərin, eyş-işrət əhlinin ünsiyyətdə olduğu işlərdən qorxarlar. Həqiqi dostlar onlardır. Onlar həmin adamlardır ki, Allah onların vasitəsi ilə hər bir fitnəni aradan qaldırıb, hər bir bəlanı cəmiyyətdən uzaqlaşdırar.

Quran və Əhli-beyt dilində “fitnə” sözü daha çox mənəvi, etiqadi, fikri nifaqa aiddir. İmam (ə) cəmiyyətdəki fikir və əqidə çaşqınlıqlarının Əhli-beyt (ə) dostları tərəfindən aradan qaldırıldığına işarə edir. (“Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri”, Ayətullah Misbah Yəzdi, səh.19-21.)

(Maide.Az)

 

Google+ WhatsApp ok.ru