“Kağız və parça torbalara geri dönmək lazımdır”

“Kağız və parça torbalara geri dönmək lazımdır”

-- plastik qab-qacaqdan istifadənin insan sağlamlığına zərər verməsi...

Azərbaycanda son zamanlar plastik qablaşdırma geniş yayılıb. Bütün ticarət obyektlərində istehlakçıların aldıqları mallar polimerdən hazırlanan torbalarda qablaşdırılır. Ərzaq məhsullarından tutmuş, geyim mallarınadək hər bir mal plastik qab və torbalarda verilir. Bu qablara gözümüz öyrəşsə də, çoxumuz bunun ziyanı barədə düşünmürük.
 
Dünya ailmləri plastik qab-qacaqdan istifadənin insan sağlamlığına zərər verməsi ilə bağlı çağırış ediblər. Onların çağırışına artıq bir neçə ölkə cavab verib və həmin ölkələrdə plastik qab-qacaqdan istifadəni qanunla qadağan ediblər. Alimlərin araşdırması göstərir ki, plastik qab-qacaq xüsusilə də uşaqların orqanizminə son dərəcə ciddi təhlükə yaradır. Bu qab-qacaqdan istifadənin qadağan olunmasını vacib sayan alimlər bildirirlər ki, bunlar insanın ürək-damar sistemində çatışmazlıqlar yaradır, hətta bəzən xərçəng xəstəliyinin yaranmasına səbəb olur.
 
Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektoru polietilen paketlərin insan sağlamlığına vurduğu zərər və bundan istifadənin məhdudlaşdırılması ilə bağlı birgə mübarizənin aparılmasının vacibliyini bəyan edib. Qeyd olunub ki, mağazalarda təklif edilən məhsulların, demək olar, 99 faizi polietilen və plastik qablaşdırmadır: “Nazirlik polietilen qabların əvəzinə kağız və parça materialların istifadəsini məsləhət görür. Bu qablar hər birimizə hiss olunmadan zərər vurur. Əhali bunun real təhlükə olduğunu bilməlidir. Hər bir xanım öz çantasında parçadan olan torba da apara bilər. Alış-veriş edərkən kağız və şüşə qablaşdırmaya üstünlük verə bilərik”.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, plastik qablaşdırmanın ləğvinin tərəfdarıdır: “Dünyanın bir sıra ölkələrində artıq yeməklərin, xüsusilə də isti yeməklərin plastik qablarda verilməsindən tam imtina olunub. Həmin ölkələrdə yeməklər karton qablarda verilir. Dünyanın bir çox ölkələrində içmək üçün istifadə edilən suyun plastik qablarda satışına qadağa qoyulub. Bu qayda bir sıra Avropa ölkələrilə yanaşı, keçmiş sovet ölkələrindən bəzilərində də tətbiq edilir. Bu sahədə Azərbaycanda da problemlər yaşanır. Bu qabların istehlakçılar tərəfindən istifadəsi arzuolunmazdır”.
 
Həmsöhbətimizin sözlərinə görə, plastik qablardan və polietilen məhsullardan istifadə minimuma endirilməlidir: “Polietilen torbaların zərəri təkcə orqanizmimizdə açdığı fəsadlarla bitmir, bizə daha böyük ziyan onların ekologiyaya vurduğu zərərdir. Hər gün milyonlarla paket ekologiyanı çirkləndirir. Polietilen torbaların təkrar istifadəsi qadağan olunsa da, bəzi şirkətlər istifadə olunan paketləri toplayaraq onlardan təkrar istifadə edirlər. Gələcəyin qorunması üçün bu torbalara qadağa qoyulması mütləqdir. Bu paketlərin tərkibi çox qarışıqdır, yüzlərlə kimyəvi birləşmə nəticəsində əldə edilir. Sellofan torbalar insan orqanizmində müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Əgər onlardan imtina edə bilmirsinizsə, o zaman onlardan yararlanarkən öncə etiketinə baxın – yeyinti, yoxsa sənaye məhsulları üçün nəzərdə tutulması barədə qeydə fikir verin. Ola bilər ki, istifadə etdiyiniz polietilen torbadan hər hansı qoxu gəlir, rəngi əlinizə çıxır, o zaman torbadan birdəfəlik imtina edilməlidir. Kağız və parça torbalara geri dönməliyik”. (Bakı Xəbər)
 

Google+ WhatsApp ok.ru