Əsgər anaları yenə Prezident Administrasiyasının önündə

Əsgər anaları yenə Prezident Administrasiyasının önündə

Polis şəhid ailələrinin yürüşünə müdaxilə edib

Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanlardan bəzilərinin yaxınları şikayətlərini davam etdirirlər.
 
Onlardan bir qrup şəxs bu gün, noyabrın 6-da metronun «Sahil» stansiyasından piyada Prezident Administrasiyasının qarşısına gəliblər. Arada onlara polislər və mülkigeyimli şəxslər maneçilik törədiblər.
 
Ailə üzvlərinə döyüşlərdə həlak olanların şəkillərini başları üzərində tutmağa imkan verməyiblər. Polis deyib ki, kütləvi yox iki-iki, üç-üç hərəkət etsinlər.
 
«Biz bunu hüquqlarımızın tapdanması, şəhid adına hörmətsizlik kimi dəyərləndiririk. Biz dövlətin bizə verəcəyi 11 min manat müavinəti istəyirik»,-deyə şikayətçilərdən biri deyib.
 
Ancaq şikayətçilər Prezident Administrasiyasının qarşısına gəlib çatıblar. Onlar deyiblər ki, ya prezidentin, ya da onun köməkçilərindən birinin qəbuluna düşmək istəyirlər.
 
Həmin insanlar bundan öncə də bir neçə dəfə həm Prezident Administrasiyasının, həm Milli Məclisin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Sonuncu dəfə, ötən həftə isə Azərbaycan prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun köməkçisinin qəbulunda olublar. Ancaq qəbuldan razı qalmayıblar.
 
Onların demələrinə görə, həlak olan yaxınlarının soyadını, adını, atasının adını uyğun sayta daxil edəndə ödənişin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar.
 
«Bu barədə rəsmi qurumlara şikayətlərimiz isə müsbət nəticə vermir. Bizi yalandan yola verirlər», - deyə onlar vurğulayıblar.
 
Bu deyilənlərə, hələlik, Prezident Administrasiyası rəsmilərindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
 
Təmsilçilərdən Sevinc Quluzadə bildirib ki, onlardan bir nəfər - Zərifə Əliyeva Prezident Administrasiyasında qəbul şöbəsində olub.
 
«Ona deyiblər ki, bu məsələ araşdırılır, tezliklə problem həllini tapacaq. Hər dəfə bizə deyilən sözlərdir, yeni bir əməli yanaşma yoxdur və daha çox quru vədə oxşayır. Odur ki, şəhid ailələri yalnız prezident İlham Əliyevlə görüşmək istəyirlər», - deyə o vurğulayıb.  /azadliq.org /
 
 
 
 

Google+ WhatsApp ok.ru