Əzgilin bilmədiyimiz faydaları

Əzgilin bilmədiyimiz faydaları

Əzgil ölkəmizdə qədim dövrlərdən becərilən aborigen və qiymətli meyvə bitkisi olsa da biz onun faydaları haqqında az məlumatlı olduğumuzdan qidamızda, xüsusən də təbabətdə ondan geniş istifadə etmirik. Halbuki həm əzgil, həm də onun çəyirdəyi və yarpağı bir çox xəstəliklərin müalicəsi üçün əla vasitədir.
 
Maide.Az bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzun illik elmi araşdırmaların müəllifi Zaur Həsənov "aəzrtac"-ın bölgə müxbirinə müsahibəsində əzgilin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.
 
Zaur Həsənov bildirib ki, əzgilin gər və turşaşirin tamlı meyvələri şəkərlər, makro və mikroelementlərlə zəngindir.
 
Meyvələrin tərkibində şəkərlər, turşular (əsasən alma turşusu), dabbaq maddələri, azotlu maddələr, pektin, karbohidratlar, həmçinin müxtəlif vitaminlər (A, C, B1, B2, B3, B6, B9), mikroelementlər (kalium, kalsium, dəmir, maqnezium, yod, fosfor, natrium, selen, sink), fitonsidlər, dabbaq maddələri var. 100 qram meyvənin kaloriliyi 53 kilokaloridir.
 
Meyvələri tam yetişdikdən sonra yeyilmək və emal üçün yararlı olur. Təzə halda istifadədən başqa əzgil meyvələrindən mürəbbə, cem, povidlo, sidr tipli içkilər və sair hazırlanır.
 
Əzgil meyvələri fitonsidlər və dabbaq maddələri kompleksinə malik olduqlarından damarların möhkəmliyini artıran və büzüşdürücü xüsusiyyətlidir. Ona görə də o, ateroskleroz, hipertoniya, ishalın profilaktikası, bağırsaqların fəaliyyətinin yaxşılaşdırılması və müalicəsində istifadə olunur. Əzgil meyvələri, həmçinin sidik daşı xəstəliyinin müalicəsində faydalı sayılır. Soyuqlamanı aradan qaldırır. Lakin adi halda çox yedikdə qarın ağrılarına səbəb ola bilir.
 
Əzgilin meyvəsi, yarpağı və toxumlarının qarışığından hazırlanmış kompot, ishalla müşayiət olunan kolit xəstəliyinə qarşı əlverişli sayılır. Meyvə lətinin spirtdə məhlulu bronxial astma xəstəliyinin müalicəsində və həmçinin nəfəs yollarının yaxşılaşdırılması üçün istifadə edilir.
 

Google+ WhatsApp ok.ru