’Donuz qripi‘ tüğyan edir - ölməmək üçün nə edək...

’Donuz qripi‘ tüğyan edir - ölməmək üçün nə edək...

Həkim ölümcül virusdan qorunmağın yollarını və əlamətlərini açıqladı
 
Gürcüstanda “donuz qripi” virusu tüğyan edir. Artıq dünyanı cənginə almağa başlayan virus təkcə qonşu ölkədə 13 nəfərin həyatına son qoyub.
 
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qripə görə məktəb və uşaq bağçalarının bağlanması tövsiyə olunacaq.
 
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib. O deyib ki, bu həftə ərzində qrip virusunun yayılmasının azalma tendensiyası müşahidə olunur:
 
“Məktəb və uşaq bağçalarının bağlanılması tələbi əsasən postsovet ölkələrinə aiddir. Bir sıra Qərb ölkələrinin bununla bağlı təcrübəsi var. İnsanlar məktəb və uşaq bağçasından kənarda xəstələnmir? Bizim tövsiyə epidemioloji vəziyyətdən asılı olacaq. Hazırda 100 min nəfər əhaliyə 256 qrip virusuna yoluxma halı düşür. Bu həftə ərzində vəziyyət müşahidə olunacaq və ondan sonra təhsil sistemi ilə bağlı tövsiyəmiz olacaq”.
 
Virusun coğrafiyası Amerikaya qədər yayılıb. ABŞ-da tanınmış jurnalist Bre Payton H1N1 virusundan (“donuz qripi”) vəfat edib. Bu haqda “Los Angeles Times” məlumat yayıb.
 
Nəşrin məlumatına görə, Payton dekabrın 27-də reanimasiya şöbəsinə daxil edilib. Həkimlər ona fəsadlaşmış “donuz qripi” və meningit diaqnozu qoyub.
 
26 yaşlı Payton siyasi köşə yazarı və siyasi şərhçi olub. Yaxınlarının dediyinə görə, cümə axşamı onu San-Dieqoda qaldığı evdə huşsuz və çətinliklə nəfəs alan vəziyyətdə aşkarlayıblar.
 
Ona bu virusun hansı yolla keçdiyi hələlik məlum deyil. Jurnalist tez-tez CNN, FOX və digər xəbər kanallarında dünyada və ABŞ-da baş verən hadisələri şərh edirdi.
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a bildirdi ki, qriplər A, B, C kateqoriyalarına bölünür: “Ümumiyyətlə, qriplərin 2000-ə yaxın subtitri var. Hər il bir spamla ortaya çıxır. Sözügedən ”donuz qripi" 2009-da insan tələfatı ilə müşahidə olunmuşdu.
 
Amma ölənlər virusun təsirindən yox, bədəndə pnevmoniya törətməsindən tələf olmuşdular. Çünki virus orqanizmdə ağır dəyişikliklər edir, güclü infeksiyalar yaradır.
 
Ona görə vaxtında buna yönəlik tədbir görülməlidir. Xüsusilə də mətbuat insanları maarifləndirməlidir".
 
A.Qeybulla Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin olmasını da xatırlatdı: “Birincisi, təmaslardan çəkinmək, tibbi maskadan istifadə eləmək lazımdır.
 
Evdə havanı tez-tez vintelyasiya eləməliyik. O cümlədən vitaminlərdən istifadə etməliyik, çoxlu maye qəbul eləmək mühüm şərtdir.
 
Bu dövrdə antibiotikə meyllənmək lazım deyil. Müxtəlif preparatlar var, onlardan istifadə etmək lazımdır. Ən əsası uşaqları, hamilə qadınları və yaşlıları qorumaq lazımdır. Eləcə də tranzit bölgədə müvəqqəti karantin elan etmək olar".
 
A.Qeybulla “donuz qripi”nin əlamətlərini sadaladı: “Asqırma, boğaz ağrısı, öskürək, əzələ ağrılar, zəiflik, halsızlıq, iştahsızlıq, gözün yaşarması halları müşahidə olunur.
 
Yataq rejimi ağırlaşmanın xeyli dərəcədə qarşısını alır. Tövsiyyə olunur ki, “paraçetamol” dərmanı qəbul edəsən".
 
Professor “2009-ci ildə yayılmış virusun 9 il sonra qayıtması dünyadakı dərman mafiyasının siyasəti ola bilərmi” sualına cavab olaraq söylədi ki, nəzəri baxımdan mümkündür:
 
“Amma əlimizdə fakt olmalıdır. Çünki ağır ittihamdır və məhkəmə predmeti yarada bilər. Sadəcə, adamın ağlına müxtəlif fikirlər gəlir ki, vaxtında sönmüş virus niyə qayıtsın ki?!”
 
A.Qeybulla bu virusun “donuz qripi” adlanmasının səbəbini simvolik ad sayır: “İlk dəfə donuzlarda, quşlarda müşahidə olunub. Vaxtilə ”ispan qripi" yayılmışdı və heç vaxt ovaxtkı qədər çoxsaylı tələfat olmamışdı".
 
Professor bildirdi ki, təxmini hesablamalara görə, hər il dünyada 500. 000 nəfərə qədər insan qrip və onun fəsadlarından dünyasını dəyişir:
 
“Əslində səhiyyə sistemi mükəmməl olmayan ölkələrdə qeydə alınmayan qrip epidemiyasından ölənləri də nəzərə alsaq, bu rəqəmin daha böyük olduğu qənaətinə gələrik”.
 
Tarixdə qripin ən böyük pandemiyası 1918-ci ilə təsadüf edilir. Həmin ildə “ispan qripi” (H1N1 virusu) adı ilə yayılan virus il ərzində 100 milyona qədər insanın həyatına son qoymuşdu!
 
Bu kütləvi ölüm 1347-53 illərdə Avropa ölkələrində baş vermiş taun pandemiyasında ölənlərdən sonra ikinci böyük insan tələfatı sayılır.

Google+ WhatsApp ok.ru