‘Qəzza’ sənədli filmi ən yaxşı nominasiyada mükafat qazanıb

‘Qəzza’ sənədli filmi ən yaxşı nominasiyada mükafat qazanıb

Rejissorları Qari Kiani və Endryu Makkonnel olan "Qəzza" sənədli filmi İspaniyada keçirilən film müsabiqəsində "Ən yaxşı qısa sənədi film" nominasiyası üzrə 33-cü "Premios Goya" mükafatına layiq görülüb.
 
Felestin.info "MaanNews"-a istinadla xəbər verir ki, sənədli film ilk dəfə 2019-cu ilin əvvəlində nüfuzlu "Sundance" film festivalında nümayiş olunub.
 
Film 12 ildir blokada altında yaşamağa məcbur edilmiş Qəzza əhalisinin həyatından bəhs edir.
 
Fotojurnalist Makkonnel ilk dəfə 2010-cu ildə Qəzzaya səfər edib və 2012-ci ildə sənədli filmlərin rejissoru kimi tanınan Kiani ilə birlikdə filmin istehsalına başlanılıb. Film 2014 və 2015-ci illərdə çəkilib.
 
Kiani və Makkonnel filmdə daha çox dənizlə bağlı süjetlərə yer veriblər. Balıqçı ailəsini əks etdirən filmdə 14 yaşlı oğlanın dəniz kənarında keçən gündəlik həyatı nümayiş olunur.
 
"Biz çalışdıq ki, çoxlu insanları əks etdirək və onlar özləri öz həyatlarından danışsınlar. Filmdə söylənən hekayə də bizim tərəfdən deyil, məhz onların özü tərəfindən nəql edilir", - rejissor Qari Kiani filmlə bağlı deyib.
 
E.Makkonnel isə fikirlərini belə ifadə edib: "Filmin ana motivi budur ki, belə bir qeyri-adi bölgədə yaşamağın nə cür olduğunu əks etdirək. Qəzza inanılmaz dərəcədə canlı, rəngarəng və coşğuludur. Bura indiyədək səfər etdiyim ən unikal məkanlardandır".
 
Qeyd edək ki, bir çoxları Fələstinin Qəzza bölgəsini "dünyanın ən böyük üstüaçıq həbsxanası" adlandırırlar.
 
Bildirək ki, "Goya" mükafatı 1987-ci ildə İspaniyada təsis edilib və bu ölkədə hər il təqdim edilən ən nüfuzlu milli film mükafatı hesab olunur. Mükafat həm incəsənət, həm də digər yaradıcı sahələr üzrə ən yaxşı işlərə görə təqdim edilir.
 

Google+ WhatsApp ok.ru