Şəhid qızı Zəhra - Bu daraqdan atamın qoxusu gəlir, onu heç kimə verməyəcəyəm

Şəhid qızı Zəhra - Bu daraqdan atamın qoxusu gəlir, onu heç kimə verməyəcəyəm

 Əlində daraq var... Qucaqlayıb qoxulayır... Bir də sinəsinə sıxır... Saatlarla baxır darağa. Sanki üzərində nə isə var imiş kimi tez baxır...
 
Yatanda gəlincik yerinə həmin darağı qucaqlayır...
 
O, ŞƏHİD gizir Rusif Ağayevin şirin qız balası Zəhradır. Əlindəki isə atasının işlətdiyi daraq... Balaca Zəhra darağı götürüb qoxulayır, deyir ki, bundan atamın qorxusu gəlir. Heç kimə verməyəcəyəm bu darağı. Yatanda, yemək yeyəndə özümlə gəzdirəcəyəm. Çox darıxmışam mən atam üçün...
 
Bu körpə balanın atasından qalan yeganə təsəlli yeri olan daraq bəlkə də bir vaxtlar adi bir əşya idi. Amma ona dəyən əllər, oxşadığı saçlar onu müqəddəs etdi. Şəhidin müqəddəs adının həkk olunduğu bu daraq artıq sadəcə bir əşya deyil. O dəyərə çevrilib. Balaca Zəhranın oyuncağı olub. Uşaqlar oyuncaqlarını çox sevirlər. Onlara dərin məhəbbət bəsləyirlər. Amma Zəhranın oyuncağı digərlərindən çox fərqlidir. Çünki onun üzərində ATA sevgisi var.
 
Bir müddət əvvəl şəhid haqqında film çəkilişləri zamanı atasının şəhadətindən sonra dünyaya gələn şəhid övladını danışdırdıq. Atası barəsində soruşanda dedi: "Atam Şəhidlər Xiyabanındadır. Ora Bakının ən hündür yeridir. Bütün şəhər ayaqlarının altında olur. Həmişə hiss edirəm ki, atamın nəzəri üzərimdədir".
 
Şəhid övladı olmağın ağrı-acısı var. İllərlə ata həsrəti, nisgil, hər əşyada, şəkildə onu görmək... Bununla böyüyür şəhid övladları. Amma bir vaxt olur ki, bütün bunlar onun qürur mənbəyinə çevrilir. Dərk edəndə ki, onun atası hər kəs kimi adi biri deyil o zaman illərlə çəkdiyi acı şirin bir məlhəmə çevrilir. Çünki onun ATASI milyonların içində seçilənlərdəndir.
 
Bu gün balaca Zəhra da həmin acı mərhələsindədir. Onun üçün atasının darağı müqəddəs bir amala çevrilib. Amma vaxt gələcək o, ŞƏHİD RUSİFİN qızı olduğu üçün qürur duyacaq. O zaman indi ağlayaraq qoxuladığı daraqdan atasının qazandığı Cənnətin ətrini duyacaq... /mubarizim.com /
 
 

Google+ WhatsApp ok.ru