​Amerikalılar uydurma xəbərləri ciddi problem sayır

​Amerikalılar uydurma xəbərləri ciddi problem sayır

Uydurma xəbər və informasiyaların yaradılaraq yayılması ölkəyə ciddi ziyan vurur və dayandırılmalıdır.
 
Maide.Az "azadliq.org"a istinadla xəbər verir ki, Pew araşdırma mərkəzinin son sorğusu bir çox amerikalının belə düşündüyünü üzə çıxarıb. Sorğu bu il fevralın 19-dan martın 4-dək 6 min 127 amerikalı yetkin yaşlı arasında keçirilib.
 
Hər 10 amerikalıdan yeddisi (68%) deyib ki, uydurma xəbər və informasiya amerikanların hökumət institutlarına inamına böyük təsir göstərir. Təxminən 54 faiz isə bir-birinə inama böyük təsir göstərdiyini deyib.
 
Maraqlısı odur ki, respondentlər uydurma xəbərlərin yaradılmasına görə siyasi liderləri və fəalları suçlayırlar. Ancaq problemi yoluna qoymağa görə əsasən jurnalistləri məsul sayırlar. Onlar məsələnin yaxın gələcəkdə daha da pisləşəcəyini vurğulayırlar.
 
Amerikalıların çoxu hərdənbir, yaxud tez-tez uydurma xəbərlərlə qarşılaşdıqlarını deyiblər. Buna cavab olaraq onlar xəbər istehlak vərdişlərini dəyişiblər, ya aldıqları xəbərləri yoxlayırlar, ya da xəbər üçün üz tutduqları mənbələri dəyişirlər.
 
Hər 10 amerikalıdan səkkizi (79%) inanır ki, uydurma xəbərləri məhdudlaşdırmaqdan ötrü addımlar atılmalıdır.
 

Google+ WhatsApp ok.ru