‘Ehtiyatlı’ igidin... maşını da tez alışar - polkovnikdən sürücülərə tövsiyə

‘Ehtiyatlı’ igidin... maşını da tez alışar - polkovnikdən sürücülərə tövsiyə

Bu ilin beş ayı ərzində nəqliyyat vasitələrində 118 yanğın faktı qeydə alınıb. Ötən il bu rəqəm 329, 2017-ci ildə isə 299 olub.
 
Mütəxəssislərin fikrincə, yanğına daha çox nəqliyyat vasitələrinin sistem və mexanizmlərində baş vermiş nasazlıqlar, bəzi hallarda isə asan alışan mayelərin daşınması zamanı yanğın təhlükəsizliyi qaydalarının kobud surətdə pozulması səbəb olur. Çünki bəzi sürücülər yanacaqdoldurma məntəqələrində benzini plastik qablara doldurur, nəqliyyat vasitəsinin salonunda və ya yük bölməsində saxlayırlar.
 
Maide.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi sürücülər qısamüddətli səfərlər zamanı, yaxud yolda yanacağı bitən sürücüyə benzin çatdırmaq üçün təhlükəsizlik qaydalarına əməl etmirlər.
 
"Vətəndaşlar çalışmalıdırlar ki, asan alışan mayelərin daşınması üçün nəzərdə tutulan materiallardan hazırlanmış qablardan istifadə etsinlər. Çünki plastik qabda yanacağı uzun müddət avtomobilin yük yerində, yaxud salonunda saxlamaq çox təhlükəli və yolverilməzdir. Nəzarətsiz olduğu üçün yanacaq dağıla bilər. Yaxud da plastik qabla yanacağın reaksiyası nəticəsində qab deformasiyaya uğrayaraq mayenin buxarlanması və ya dağılmasına, ani ehtiyatsızlıqdan isə yanğına səbəb ola bilər".
 
 Şöbə rəisi əlavə edib ki, bəzi plastik materiallar var ki, onlar yanacaqla tez reaksiyaya girir və nəticədə bu hal təhlükə mənbəyinə çevrilir.
 
Yanacağın daşınması və ya saxlanması üçün belə plastik qablardan istifadə etmək olmaz. Çünki sadalanan qüsurlardan biri yaranarsa, qığılcım yetər ki, istənilən an yanğın baş versin və ağır nəticələrə gətirib çıxara bilsin.
 
E.Babayev qeyd edib ki, bəzi şəxslər əsasən kənd yerlərində pərakəndə şəkildə yanacaq satışı ilə məşğul olurlar: "Bu fəaliyyətlə məşğul olmağa icazə verən müvafiq qanunvericiliklə yanaşı, Yanğın Təhlükəsizliyi Qaydaları da diqqət mərkəzində olmalıdır. Hazırda respublikamızın ərazisində yanacaqdoldurma məntəqələrinin sayı kifayət qədər çoxdur. Odur ki, avtomobildə yanacaq saxlanılmasına ehtiyac da yoxdur. Sürücülərə tövsiyə edərdik ki, yalnız zəruri hallarda, qısamüddətli səfərlər zamanı və yalnız bu məqsədlər üçün nəzərdə tutulan qablardan istifadə etsinlər".

Google+ WhatsApp ok.ru