‘Beyin axını’nı necə dayandırmalı?

‘Beyin axını’nı necə dayandırmalı?

"Yeni Sabah.az"da "Onlara yaxşı pul vermək lazımdır" - "beyin köçü"nə qarşı ekspertdən təkliflər" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkədən "beyin axını" problemi və bunun qarşısının alınması ilə bağlı təhsil sahəsi üzrə ekspert Kamran Əsədovla söhbətləşir.
 
Müəllifin deməsinə görə, hər il yüzlərlə tələbə və cəmiyyət üçün lazımlı kadrlar ölkədən ayrılır, bu, azərbaycanlı tələbələrin özlərini inkişaf etidirmələri baxımından müsbət hal olsa da belə savadlı kadrların geri qayıtmamaları ciddi problemlər yaradır.
 
Müəllif hesab edir ki, "beyin köçü" gələcəkdə Azərbaycanı xoşagəlməz hallarla qarşı-qarşıya qoya bilər.
 
Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən təhsil eksperti Kamran Əsədov öncə dünya təcrübəsində olan "kadr bankı" sisteminin əhəmiyyətindən danışır: "Dövlət özünə lazım olan bilik və bacarıqlara, kompetensiyalara malik olan şəxsləri oraya yerləşdirir. Hər hansı bir kadra ehtiyac olduqda oradan seçirlər. Belə deyək ki, bütün sahələr üzrə müəyyənləşmiş şərtləri bir bazada formalaşdırırlar. Sabah hansısa bir yerdə boşluq olduqda oradan şəxsləri vəzifəyə göndərirlər. Amma təəssüf ki, bu gün Azərbaycanda xüsusi ilə təhsil, idarəetmə sistemində bilik və bacarıqları bu sahəyə uyğun olmayan kifayət qədər kadr var. Məhz təhsil sistemində, təhsilin idarə edilməsində bu qədər işini bilməyən adamların olması bütün sahələrə təsir göstərir. Ona görə də Azərbaycanda idarəetmə sahəsində bilik və bacarıqları yüksək olan şəxslər, kompetensiyaları əmək bazarının tələblərinə cavab verən şəxslər ölkədən gedirlər".
 
Ekspert iddia edir ki, belə kadrlar layiq olduqları yerlərdə dəyərləndirilmirlər və az maaşla işlədilirlər, halbuki istər Türkiyədə, istər Gürcüstanda daha az iş saatına daha çox əməkhaqqı ilə işləyə bilərlər: "Onlara dəyər verilir. Ona görə də Azərbaycanın düşünən beyinləri ölkədən gedirlər".
 
K.Əsədov xaricə "beyin axını"nın qarşısının alınmalı olduğunu deyir və bunun gələcəkdə mənfi nəticələr doğuracağını söyləyir: "Bu, Azərbaycanda rəqabətədavamlı iqtisadiyyatın formalaşmasında, xidmət sektorunun inkişafında, qeyri-neft sektorunun yüksək səviyyəyə gəlməsində mənfi təsir göstərəcək. Bu gün düşünən beyinlərimizin, bilik və bacarıqları yaxşı olan şəxslərin ölkədən getməsinin səbəbi onların layiq olduğu yerdə qiymətləndirilməməsidir".
 
Ekspert deyir ki, bu problemin qarşısnı almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi birgə komissiya yaratmalı, Əmək və Sosial Müdafiə Nazirliyi vakant yerləri, Gənclər və İdman Nazirliyi yaş kateqoriyasını müəyyən etməli, Təhsil Nazirliyi onların təhsil ilə bağlı məlumatları araşdırmalı, daha sonra sonra müsahibə etməlidirlər.
 
K.Əsədova görə, komissiya üzvləri kiminsə tapşırığı ilə təyin olunmamalı, dünya təcrübəsindən məlumat olmalıdır və bütün orqanlara iş müsabiqə və müsahibə ilə olmalıdır: "Xüsusi təyinat ancaq rəhbər postlarda olmalıdır. Digər işlərdə təyinat olmamalıdır ki, lazımlı insanlar ölkədən qaçmasınlar. Onlara yaxşı pul vermək lazımdır" deyə ekspert bildirir.
 

Google+ WhatsApp ok.ru