Bakıda ‘Müsəlmanların nicat, sülh, əməkdaşlıq və tərəqqi yolu - İSLAM VƏHDƏTİ’ adlı konfrans keçirilib

Bakıda ‘Müsəlmanların nicat, sülh, əməkdaşlıq və tərəqqi yolu - İSLAM VƏHDƏTİ’ adlı konfrans keçirilib

"Qələm" Yazarlar Birliyinin təşkilatçılığı ilə İslam dünyasının müqəddəs bayramı – Məhəmməd Peyğəmbərin (s) mövluduna həsr olunmuş kobfrans keçirilib.
 
Maide.Az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzinin Dəyirmi zalında baş tutan "Müsəlmanların nicat, sülh, əməkdaşlıq və tərəqqi yolu - İSLAM VƏHDƏTİ" mövzusundakı tədbirə alimlər, ilahiyyatçılar, şairlər, siyasətçilər, media mənsubları, ictimaiyyət nümayəndələri qatılıb.
 
"Qələm" Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl əvvəlcə iştirakçıları, müsəlman Azərbaycan xalqını, bütün dünya  müsəlmanlarını bayram münasibətilə təbrik edib. O, daha sonra “Vəhdət həftəsi”nin yaranma zərurəti və mahiyyəti haqda qısa məlumat verib:
 
“Məlum olduğu kimi, Həzrət Məhəmməd Peyğəmbərin (s) doğum günü iki tarixdə - rəbiül-əvvəl ayının 12-si və 17-də qeyd olunur. Yaranmış fikir ayrılığına son qoymaq və müsəlman birliyinin zədələnməməsi üçün böyük din alimi və dövlət xadimi Seyid Ruhullah Musəvi Xomeyninin (r.ə) uzaqgörən tövsiyəsi ilə mübarək mövlud ərəfəsi “Vəhdət həftəsi” elan edilib. Bu təşəbbüs dünya müsəlmanları tərəfindən yüksək ehtiramla qarşılanıb və digər məsələlərdə də ortaq məxrəcə gəlinməsində mühüm rola malikdir”.
 
 "Vəhdət həftəsi"nin İslam hümmətinin birliyinə nail olmaqda xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan Q.Cəbrayıl əlavə edib ki, bu həftə xüsusən fitnə və çaxnaşma ilə dolu indiki zamanda İslam dünyasının həmrəyliyi və birliyi zərurətinin araşdırılması üçün münasib fürsətdir. O, daha sonra tədbirin məqsədinə də toxunub:
 
"Birliyin belə bir tədbiri keçirməkdə məqsədi həm ictimaiyyətin diqqətini əziz İslam Peygəmbəri Həzrət Məhəmməd (s)-in müqəddəs mövluduna cəlb etmək, taleyüklü məsələlərdə fikir ayrılığını aradan qaldırmaq, İmam Xomeyninin (r.ə) tarixi qərarının önəmini vurğulamaq, gənc nəslin dini maariflənməsinə töhfə verməkdən ibarətdir”.
 
Daha sonra tədbirdə iştirak edən ilahiyyatçı Seyid Musarza Heydərzadə, tarixçi professor Şahin Fazil, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, AMEA əməkdaşı Həsən Məmmədov, politoloq Hacı Hacıağa Nuri, QAT sədri Akif Nağı, “Milli-mənəvi dəyərlər” İB-nın sədri, filoloq alim Jalə Cəfərova, “Tarixi şəxsiyyətlər” jurnalının Baş redaktoru Xəlil Qarəhmədov, tədqiqatçı Teymur Quliyev, “Vahid” Poeziya Evinin rəhbəri Rafiq Şirvanlı, politoloq Rövşən Əhmədli, “Əsgər analarına dəstək” İB-nın sədri Növrəstə İbrahimova, “Həkəri” qəzetinin şöbə müdiri Aygün Hüseyn, AİP funksioneri Elmar Səmədov, jurnalist Firuzə Əsədullayeva, ilahiyyatçı Əfqan Qafarov, “Fatimə” jurnalının Baş redaktoru Kəklik Heydərzadə və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər. 
Allahın sonuncu və ən mütərəqqi dininin Rəsulu, aləmlərə rəhmət və bərəkət olaraq seçilmiş ilahi Elçinin həyat və fəaliyyəti barədə geniş söhbət açılıb. 
 
Şairə Gülarə Munis, Həbibə Rəhimqızı, “Saqii-kövsər” Ədəbi Birliyinin üzvləri Bəhruz Sirati və Vüqar Mücahid, qəzəlxan Gülbala Dadaş İslam Peyğəmbərinə həsr etdikləri şeirləri söyləyiblər.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru