Şəhid və şəhadət haqqında nöqtələr

Şəhid və şəhadət haqqında nöqtələr

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 169-171-ci ayələrində şəhidin məqamı haqqında belə buyurur:

وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ

Heç vaxt güman etmə ki, Allah yolunda qətlə yetirilənlər ölülərdir. Əksinə onlar Rəbbi yanında ruzi verilmiş dirilərdir.”

فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

Onlar Allahın Öz fəzlindən onlara verdiyinə görə şaddırlar. Ardlarınca gələnlərə, hələ ki, onlara qatılmamış kəslərə müjdə verirlər ki, onlara qorxu var, bir qəmləri olacaq.”

يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ وَأَنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ

Allahın nemət fəzli, Onun möminlərin mükafatını puça çıxarmayacağı ilə (gələcəkdəkiləri) müjdələyirlər.”

1. Rəvayətdə bildirilir ki, şəhidə Allah tərəfindən yeddi xüsusiyyət əta olunmuşdur: şəhidin ilk damla qanı günahlarının bağışlanmasına səbəb olar. O, başını hurul-eynin ağuşuna qoyar. Şəhid Behişt libasları ilə bəzənər. O, ən xoş qoxulu ətirlərlə ətirlənər. Şəhid Behiştdə öz yerini müşahidə edər. Pərdələr kənara çəkilər və şəhid Allahın lütfünə nəzər salar.[1]

2. Peyğəmbər bir şəxsin belə dua etdiyini eşitdi: “Pərvərdigara! Səndən istəniləsi ən yaxşı şeyi mənə əta et.” Həzrət buyurdu: “Əgər bu dua qəbul olunsa, o, Allah yolunda şəhid olar.”[2]

3. Rəvayətdə deyilir: “Hər bir yaxşılıqdan daha üstünü var. Yalnız şəhadətdən savay. Əgər bir şəxs şəhid olsa, ondan üstün xeyir təsəvvür olunmur.”[3]

4. Qiyamət günü şəhidin şəfaət məqamı var.[4]

5. İmam Sadiqin (ə) belə buyurduğu nəql olunur: “Şəhidin nöqsanları Qiyamət günü onun özünə də göstərilməz.”[5]

6. Hücumda ön sıra şəhidlərinin məqamı daha yuxarıdır.

7. Mücahidlər Behiştə xüsusi qapıdan daxil olar.[6] Onlar Behiştə hamıdan qabaq gedər.[7] Onların Behiştdəki yeri özəldir.[8]

8. Behişt əhli içərisində yalnız şəhid dünyaya ikinci dəfə qayıdıb növbəti dəfə şəhid olmağı arzulayar.[9]

9. Ölümlərin ən üstünü şəhadətdir.[10]

10. Allah üçün ən məhbub damla Allah yolunda axan qan damlasıdır.[11]

11. Qiyamət günü şəhid əlində silah, hərbi geyimdə və xoş qoxu ilə səhnəyə gələr və mələklər ona salam göndərərlər.[12]

12. Bizim imamlarımız şəhid oldular. Peyğəmbərlərin və onların ardıcıllarının da bir çoxu şəhid oldu.[13]

13. İmam Əli (ə) bir sıra üstünlüklərə malik olmasına baxmayaraq, yalnız şəhadət astanasında olduğu vaxt izzətə çatdığını bildirir. O həzrət ilk iman gətirmiş, təhlükəli məqamda Peyğəmbərin (ə) yerində yatmış kəs idi. Yalnız Peyğəmbərin (ə) qardaş adlandırdığı İmam Əlinin (ə) qapısı Peyğəmbər (ə) məscidinə açılırdı. O, imamların atası, həzrət Zəhranın (ə) əri idi. Əli (ə) bütsındıran idi. Onun Xəndək döyüşündə vurduğu zərbə Səqəleynin ibadətindən üstün sayılmışdı. Amma sadalanan məqamların heç birində izzətə çatdığını bildirməmişdi.

14. İmam Əli (ə) buyururdu: “And olsun Əbu Talib oğlunun canı əlində olan Allaha, Allah yolunda min qılınc zərbəsinə dözmək yorğan-döşəkdə ölməkdən daha asandır.

15. İmam Əli (ə) Ühüd döyüşündə şəhid olmadığı üçün narahat idi. Yalnız Peyğəmbərdən (ə) qarşıdakı şəhadət xəbərini eşitdikdə aram oldu.

16. Şəhid Mütəhhəri “Həmaseye-Hüseyni” (Hüseyn qəhrəmanlığı) kitabında yazır: “Səxavətli şəxs, sənətkar, alim öz vücudunun bir hissəsi olan malını, sənətini və elmini əbədiləşdirir. Şəhid isə özünü əbədiyyətə çevirir.”[14]

17. Oxşar hal heyvanlarda da müşahidə olunur. Ölü qoyun heç nəyə dəyməz. Üzü qibləyə, Allahın adı ilə kəsilmiş qoyun isə dəyərə malikdir.

18. Kor şəxs görüntülərin necəliyini anlamadığı kimi, dünya sakinləri də şəhidlərin həyatını anlamaz.

19. Əgər Allah yolunda verilmiş malın əvəzi yeddi yüz qat artıq olursa, Allah yolunda verilmiş canın və qanın əvəzini özünüz düşünün!

20. Şəhadət həyatın sonu yox, başlanğıcıdır. Bir çox dirilər ölmüşlər, amma Allah yolunda öldürülənlər diridirlər.

21. Şəhadət uduzmaq və ya əldən vermək deyil. Şəhadət qazanmaq və əldə etməkdir.

22. Öldürülmək o zaman dəyərli olur ki, Allah yolunda olsun.

23. Şəhidin ölməsi və ya zərərə düşməsi barədəki təsəvvürlər yanlışdır və islah edilməlidir.

24. Şəhidlər öz əməllərinə görə yox, ilahi lütflərə görə şad olurlar.

25. Şəhidlər ilahi lütfləri öz qanlarının əvəzi yox, Allahın mərhəməti sayırlar.

26. Şəhidlər öz silahdaşlarını yaddan çıxarmır və onları xoş gələcəklə müjdələyirlər.

27. Şəhidlər birlikdə yaşayasıdırlar. Onlar bir-birinə qovuşası və digər şəhidlərin yolunu gözləyəsidirlər.

28. Başqalarının səadətinə sevinmək və onların izzət və şərəf karvanına qatılmaq bir dəyərdir.

29. Şəhidlərin alacağı ləzzət əbədilikdir. Onlar üçün neməti əldən vermək qüssəsi yoxdur.

30. Şəhidlər bizim tanımadığımız nemət və fəzlə çatarlar. Ayədə nemət və fəzl sözləri qeyri-müəyyən formada işlənmişdir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi 169-171-ci ayələrin təfsiri.)

Maide.Az

 



[1] “Vəsailuş-şiə”, c.11, səh.10.

[2] “Mustədrəkul-vəsail”, c.2, səh.243.

[3] “Biharul-ənvar” , c.74, səh.61.

[4] “Biharul-ənvar” , c.2, səh.15.

[5] “Vəsailuş-şiə”, c.11, səh.9.

[6] “Biharul-ənvar” , c.97, səh.8.

[7] “Biharul-ənvar” , c.97, səh.11.

[8] “Nurus-səqəleyn”, c.2, səh.241.

[9] “Kənzul-ummal”, c.4, səh.290.

[10] “Biharul-ənvar” , c.100, səh.8.

[11] “Vəsailuş-şiə”, c.11, səh.6.

[12] “Biharul-ənvar” , c.97, səh.13.

[13] “Ali-İmran” surəsi, ayə146; “Bəqərə” surəsi, ayə 61.

[14] “Həmaseye-Hüseyni”, c.3, səh.40.

 

Google+ WhatsApp ok.ru