‘Ayətül-kürsi’nin təfsiri-5: Əvvəl tağutun inkarı, sonra Allaha iman!

‘Ayətül-kürsi’nin təfsiri-5: Əvvəl tağutun inkarı, sonra Allaha iman!

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 256-cı ayəsində buyurur:

لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ

Dində (dinin qəbulunda) məcburiyyət (ikrah) yoxdur. Həqiqətən, təkamül (hidayət) yolu azğınlıq yolundan aşkar fərqlənmişdir. Hər kəs tağutu inkar edib Allaha iman gətirsə, heç vaxt qırılmayan möhkəm dəstəkdən yapışmışdır. Allah eşidən, biləndir.”

Məcburi şəkildə qəlbdə iman yaranmır. Dəlil, əxlaq, moizə yolu ilə qəlblərə nüfuz etmək olar. Amma bu o demək deyil ki, insan əməldə istədiyini edə və deyə ki, mən azadam, tutduğum yoldan məni döndərməyə kimsənin haqqı yoxdur. İslamdakı cəza qanunları, eləcə də qamçı, hədd, diyə, qisas, nəhy əz münkər və cihad kimi vaciblər göstərir ki, hətta İslama qəlbən etiqadı olmayanlar da cəmiyyətə əziyyət verə bilməzlər.

Kafirlərə “iddialarınızda sadiqsinizsə, dəlil gətirin” deyən İslam bu əqidəni xalqa məcburi şəkildə qəbul etdirərmi?

İslamda cihadın məqsədi ya zalım hakimlərlə mübarizə və insanlara düşünmək icazəsi verməyən diktator rejimləri sındırmaq üçündür, ya da əslində bir xəstəlik olan şirk və xürafatpərəstliyi məhv etmək üçün. Zalım hakim və şirk qarşısında sükut bəşəriyyətə zülmdür.

Rəvayətlərə görə, qırılmaz dəstəkdən yapışmağın bir nümunəsi Allahın övliyaları və Əhli-beytə üz tutmaqdır. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurmuşdur: “Sənsən ürvətül-vüsqa (möhkəm kəndir).” (“Təfsiri-Burhan”, c.1, səh.141.)

Bildirişlər

1. Dəlil və məntiqə malik bir dinin ikrah və məcburiyyətə ehtiyacı yoxdur.

2. Zorun təsiri əməl və hərəkətdir, düşüncə və əqidəyə yox!

3. Höccətin (dəlillərin) xalqa tamamlanması üçün haqq yol batil yoldan ayrılmışdır. Haqq yol ağıl, vəhy və möcüzələr vasitəsi ilə işıqlanır. İslam təkamül dinidir.

4. Din bəşəriyyətin təkamül mayasıdır.

5. İslam zalım hakimlərlə sazişdə deyil.

6. Zalım hakimlər məhv olmayınca tövhid cilvələnməz. Əvvəl tağutun inkarı, sonra Allaha iman!

7. Tağutun inkarı və Allaha iman daimi olmalıdır. Felin gələcək zaman forması davam əlamətidir.

8. İlahi tutacağın möhkəmliyi kifayət etmir. Möhkəm yapışmaq da şərtdir.

9. Zalım hakimlərə və Allahdan qeyrilərinə arxalanma etibarsızdır. Yeganə qırılmaz ip Allaha imandır.

10. Allaha iman və Allah övliyaları ilə rabitə əbədidir. Zalım hakimlər Qiyamət günü öz ardıcıllarına arxa çevirəcəklər.

11. Allaha iman və tağutun inkarı saxta yox, saf olmalıdır. Çünki Allah bilir və eşidir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 256-cı ayənin təfsiri.)

 

Ardı var...

Öncəki yazını BURADAN oxuya bilərsiz!
 

Maide.az

Google+ WhatsApp ok.ru