‘Ayətül-kürsi’nin təfsiri-6: Allahın vilayətini qəbul edənlərin səciyyələri

‘Ayətül-kürsi’nin təfsiri-6: Allahın vilayətini qəbul edənlərin səciyyələri

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 257-ci ayəsində buyurur:

اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

Allah iman gətirənlərin dostu himayəçisidir. Onları zülmətlərdən çıxarıb nura tərəf aparır. Kafir olanların dostu himayəçisi isə tağutlardır ki, onları nurdan zülmətlərə yönəldirlər. Onlar atəş (Cəhənnəm) əhlidirlər orada əbədi qalacaqlar..”

Əvvəlki ayədə oxuduq ki, Allah hər şeyin malikidir. Bu ayədə isə buyurulur ki, Onun möminlərə münasibəti xüsusi və üstün bir münasibətdir.

Allahın vilayətini qəbul edənlərin bəzi səciyyələri:

–Allahın vilayətini qəbul edən kəsin işləri ilahi rəng alır. (Bax: “Bəqərə”, 138.)

–Özü üçün ilahi rəhbər seçir. (Bax: “Bəqərə”, 247.)

–Yolu aydın, gələcəyi məlum və işləri xoşdur. (Bax: “Yunus”,9; “Bəqərə”, 156; “Yusif”, 56.)

–Savaşlar və çətinliklər zamanı Allahın yardımına göz dikib, qeyri-ilahi güclərə meyil göstərmir. (“Bəqərə”, 173.)

–Ölümdən qorxmur və Allahın vilayəti kölgəsində ölümü səadət sayır. Bu həqiqəti İmam Hüseyn (ə) də öz buyruğu ilə təsdiqləyir. (Bax: “Biharul-ənvar”, c.44, səh.192.)

–Həyatdakı tənhalıq onun üçün ağır deyil. Çünki Allahın nəzəri altında olduğunu bilir. (bax: “Tövbə”, 40)

–İnfaq və malını xərcləməkdə ehtiyatlanmır. Çünki malını öz hamisinə tapşırdığına inanır. (Bax: “Bəqərə”, 245.)

–Mənfi təbliğatlar ona təsir göstərmir. Çünki Allahın qəti vədlərinə ümidlidir. (Bax: “Əraf”, 128.)

–Allahdan başqa hər şey onun nəzərində kiçikdir. (Bax: “Nəhcül-bəlağə”, xütbə 193.)

–Çoxsaylı qanunlar və göstərişlər onu narahat etmir. Çünki o, yalnız Allahın qanunlarını qəbul etmişdir və bu barədə düşünür. Qarşısına yüzlərlə qazanc yolu çıxsa da, o, yalnız Allahın razılığını əsas götürərək yol seçir. (Bax: “Maidə”, 44-45.)

Bildirişlər

1. Möminlərin bir himayədarı var və o da Allahdır. Kafirlərin isə tağutlardan olan dostları çoxdur. Bir dostu qəbul etmək daha asandır. Kafirlərin dəvəti qarşısında Yusif də həmin nöqtəyə işarə etdi: “Çoxsaylı və pərakəndə sahiblər yaxşıdır, yoxsa yeganə və qadir Allah?!” (“Yusif”, 39.)

Möminlərin dostu kimi vahid Allahın, kafirlərin dostu kimi tağutların adı çəkilir.

2. Əvvəlki ayədə təkamül və süqut yolunun aydınlaşdırıldığı bildirilirdi. Bu ayədə isə həmin təkamül və həmin süqutun bir nümunəsi bəyan olunur. O, Allahın vilayəti (təkamül) və tağutların vilayətidir (azğınlıq).

3. Haqq yol birdir. Azğınlıq yolları isə çox. Quran haqq yoldan danışarkən nur sözünü işlədir. Azğınlıq yolları isə zülmətlər kimi təbir olunur.

4. Haqq yol nurdur və nurda hərəkət, təkamül, ümid və aramlıq imkanı var.

5. Mömin üçün çıxılmaz vəziyyət yoxdur.

6. Zalım hakimlər küfr və şirk fəzasında manevr (görüntü yaratmaq) imkanına malikdirlər.

7. Allahın vilayətinə daxil olmayan insan istər-istəməz tağutların vilayətinə düşəcəkdir.

8. İlahi vilayətdən savay bütün vilayətlər tağuta aiddir.

9. Tağutu qəbul edənlərin aqibətinə diqqət insanı haqqın qəbuluna sövq edir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 257-ci ayənin təfsiri.)

Öncəki yazını BURADAN oxuya bilərsiz!

 

 

Maide.az

 

 

Google+ WhatsApp ok.ru