Əfqanıstan hökuməti 5 min talibançını azad edəcəkmi

Əfqanıstan hökuməti 5 min talibançını azad edəcəkmi

Əfqanıstan Prezidenti Ashraf Ghani Birləşmiş Ştatlar və Taliban qruplaşması arasındakı sülh sazişinin əsas komponentini sual altına alıb.
 
Ghani martın 1-də Kabildə brifinqdə deyib ki, onun hökuməti 5 minədək talibançı məhbusu azad etmək öhdəliyi götürməyib. Bu maddə 29 fevral razılaşmasında nəzərdə tutulub.
 
Qərbin dəstəklədiyi Kabil hökuməti ikitərəfli ABŞ-Taliban sazişini imzalayan tərəf deyil.
 
“Ortada 5 min məhbusun azad olunması öhdəliyi yoxdur”, – deyən Ghani əlavə edib ki, istənilən məhbusun azadlığa buraxılması “ABŞ hökumətinin deyil, Əfqanıstan hökumətinin səlahiyyətinə aid məsələdir”.
 
ABŞ Dövlət katibi Mike Pompeo martın 1-də CBS televiziyasına deyib ki, keçmişdə hər iki tərəf məhbusları azad edib və növbəti günlərdə Əfqanıstan hökuməti ilə Taliban arasında danışıqların başlanacağına ümidini bildirib.
 
ABŞ-Taliban sazişində deyilir ki, Vaşinqton Əfqanıstan hökumətinin saxladığı “beş minədək” talibançı məhbusun buraxılması öhdəliyi götürür, “2020-ci il martın 10-a, əfqandaxili danışıqların birinci gününədək digər tərəf də minədək məhbusu azad edir”.
 
Hazırda Əfqanıstanda 10 minədək talibançı məhbusun saxlandığı bildirilir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru