Əllərin düzgün qaydada yuyulması üçün 5 qızıl qayda

Əllərin düzgün qaydada yuyulması üçün 5 qızıl qayda

Əllərin yuyulması xəstəlikdən qorumaq üçün ən yaxşı vasitədir. Qida ilə yoluxan xəstəliklər çox vaxt çirklənmiş əllərlə yaranır. Əllərin təmiz yuyulması qida yolu ilə yoluxan xəstəlik və digər infeksiya riskini azaldır. İnsanların infeksiyaya yoluxma və ya xəstəliyin yayılma təhlükəsinin olduğu vaxtlarda əllərin yuyulması zəruridir. Özünüzün və ətrafınızdakıların sağlamlığı üçün qida ilə təmasdan və yeməklərin hazırlanmasından öncə, sonra və yemək hazırlama müddətində, qidalanmadan öncə, sanitar qovşağa girib çıxdıqdan, burnunuzu təmizlədikdən, öskürdükdən, asqırdıqdan, tullantılarla təmasdan sonra əlləri mütləq yumaq lazımdır.
 
Maide.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.
 
Metodiki göstərişlərdə bildirilir ki, qida sektorunda çalışan şəxslər işə başlamazdan, və istehlaka hazır və ya bişirilmiş qidanın istehlakından əvvəl, o cümlədən çiy qida məhsulunun emalı və hazırlanmasından, qida tullantılarının emalından, təmizlik işlərindən, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, qida və içki istehlakından, siqaret çəkdikdən və pulla təmasdan sonra əllərini yumalıdırlar.
 
Əllərin düzgün qaydada yuyulması üçün 5 qızıl qayda var:
 
1. Əllərinizi dözüləbilən qədər isti axar su ilə isladın və sabunu əllərinizə sürtün;
 
2. Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaq aralıqlarını və dırnaqların arasını yaxşı sabunlayın;
3. Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;
 
4. Əllərinizi axar suyun altında yaxşı durulayın;
 
5. Əllərinizi təmiz salfetlərlə (ictimai yerlərdə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş dəsmalla) və ya hava ilə qurudun.
 
Sabun və ya su istifadəsi mümkün olmadıqda 60 faizli spirt tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilə bilər. Həmin məhlulların sürətli şəkildə əllərdəki bakteriyaları azaltmasına baxmayaraq, onlar bütün bakteriyaları məhv edə bilmir, əllərin çirkli olmağı məhlulun effektivliyini azaldır və pestisid və ya ağır metalları təmizləmir.
 
Əllərin gigiyenasına, həmçinin dırnaqların təmizlənməsi və kəsilməsi də aiddir. Dırnaqlarda çirk və mikroblar infeksiyaların yayılmasına səbəb olur. Ona görə də dırnaqlar qısa olmalı, arası su və sabunla təmiz yuyulmalıdır. Dırnaqlara qulluq etməzdən əvvəl bütün avadanlıqlar (dırnaq kəsən və cilalayan vasitələr) müvafiq qaydada təmizlənməli, dezinfeksiya və ya sterilizasiya olunmalıdır. Dırnaqlarda mikrob və infeksiyaların yayılmasının qarşısının alınması məqsədilə bir neçəyə qaydaya əməl edilməlidir. Dırnaqlar qısa saxlanmalı və tez-tez kəsilməlidir. Hər dəfə əllər yuyulmazdan öncə dırnaqların altı sabun və su ilə (və ya dırnaq üçün fırça ilə) təmiz yuyulmalıdır. İstifadədən öncə dırnağa qulluq vasitələri təmizlənməlidir. Dırnaqların dişlənməsi yolverilməzdir. Dırnaqların kutikula qatının zədələnməsi arzuolunmazdır. Çünki kutikula infeksiyanın qarşısını almaq üçün baryer rolunu oynayır.
 

Google+ WhatsApp ok.ru