Əmlakçılar: 'Bakı kəndlərinə köçənlərin sayı artır'

Əmlakçılar: 'Bakı kəndlərinə köçənlərin sayı artır'

Pandemiya dövründə Bakıətrafı qəsəbələrə, kəndlərə köçənlərin, bura yerləşənlərin sayı artmaqdadır. Bunu AzadlıqRadiosunun əlaqə saxladığı emlak.az saytının, "Şanı bağları" əmlak agentliyinin əməkdaşları, əmlakçılar da deyirlər.

 
"Bu dəfə kirayə ev axtaranlardan daha çox ev alan var"
 
"Mayın 5-dən bu yana satış çoxalıb", – emlak.az saytının moderatoru Zeynəb Hüseynova söyləyir. Onun sözlərinə görə, adətən, bu mövsümdə bağ evlərinin kirayəsinə ehtiyac artır. "Ancaq bu dəfə kirayə ev axtaranlardan daha çox ev alan var", – o deyir. Pandemiya dövründə Bakıətrafı qəsəbələrə, kəndlərə köçənlərin, bura yerləşənlərin sayı artmaqdadır. Bunu AzadlıqRadiosunun əlaqə saxladığı emlak.az saytının, "Şanı bağları" əmlak agentliyinin əməkdaşları, əmlakçılar da deyirlər.
 
Z.Hüseynova tələbatın bahalı evlərdən, villalardan çox ortabab qiymətə satılan evlərə olduğunu söyləyir. Əsasən də, Maştağa, Məhəmmədi, Kürdəxanı, Masazırda daha çox ev alındığını bildirir. Saytın moderatoru bu tələbatın səbəbini izah edə bilmir, sadəcə, statistikanı apardıqlarını, əvvəlki illərlə müqayisədə satışın harada çoxaldığına nəzarət etdiklərini deyir: "Bakı kəndlərində evlərin alınması pandemiyadan öncəki dövrlə müqayisədə daha çoxdur".
 
Z.Hüseynova özü müşahidələrini bölüşür, deyir ki, bəzən Bakıda yaşayanlar paytaxtın sıxlığından, pandemiyadan qorxduqları üçün nisbətən kənar qəsəbələrə yerləşməyə çalışırlar.
 
"Həyət-bacası olan ev almaq istəyirik",-deyirlər
 
"Şanı bağları" əmlak agentliyinin əməkdaşı Gümüş Əhmədova pandemiyadan öncə də Bakı kəndlərinə köçənlərin çoxaldığını desə də, koronavirus yayıldıqdan sonra prosesin vüsət aldığını bildirir: "İnsanlar nə xaricə istirahətə, nə şəhərdə normal kafe-restorana gedə bilirlər, nə də evdən bayıra addım ata bilirlər. Ona görə gəlirlər, "həyət-bacası olan ev almaq istəyirik", - deyirlər".
 
Bağ arzulayanlar
 
Bakı sakini Nəzakət Səfərovanın ən böyük arzusu bağ evinin olmasıdır.
 
"Xudmani ev, geniş həyətli, dənizə yaxın ev istəyirəm. Həmişə arzulamışam. Amma koronavirus yayılanda bunun nə qədər lazımlı olduğunu başa düşdüm. Bu vaxt həmişə həftə sonları kəndə qaçardıq. İndi isə Bakıdan çıxa bilmirik, dustaq qalmışıq qutu evin içində. Bakı kənarında balaca bir evimiz olsa, uşaqlar dəniz havası udardılar, həyətdə oynayardılar", – N.Səfərova deyir.
 
Zahid Əsgərov atasından qalma, təmirsiz bağ evini satmağa hazırlaşırmış. Ancaq pandemiya dövründə köçüb Türkanda yerləşiblər: "Uşaqlarla bağı səliqəyə saldıq, anamla yoldaşım evdə yır-yığış etdilər. Əgər-əskik var, amma yaşamaq olar. Uşaqlara kənd südü alıram hər gün, samovar qaynadırıq. İnternet də var. Yoldaşım günortaya kimi dərsini deyir, uşaqlar onlayn dərsə qoşulur. "Neftçilər"dəki evimizdə hara dönürdün "probka" idi, bu gözünü ağardır ki, dərsdəyəm, o qaş-göz edir ki, "danışma, müəllim eşidir". Bura genişlikdir".
 
Kirayə haqları da artır
 
"MBA konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimov da belə bir müşahidəsini bölüşür: "Kimin bağı var, bağa köçür. Qarşıdan onsuz da bağ mövsümü gəlir, həm də vəziyyətlə əlaqədar Bakıdan uzaqlaşırlar. Belə tendensiya var. Yavaş-yavaş kirayə tutmaq istəyənlərin də sayı artmaqdadır".
 
Sayt əməkdaşlarından fərqli olaraq N.İbrahimov Bakı ətrafında torpaq və ya əmlak alqı-satqısında tərpəniş olmadığını söyləyir. Ancaq o, kirayə qiymətlərində fərq olduğunu vurğulayır, ofisdə olmadığından rəqəmləri açıqlaya bilmir.
 
Yeri gəlmişkən, əmlak saytlarının əməkdaşları qiymət haqqında sualları açıq buraxırlar.
 
emlak.az saytının moderatoru Z.Hüseynova qiymətlərin bəzən aldadıcı olduğunu qeyd edir: "Məsələn, yarım saat öncə müştəri zəng vurdu, evi satan şəxsin nömrəsini verdik. Əmlak sahibi bizim saytda evin qiymətini 25 minə qoyub, müştəriyə isə 35 min manata satdığını deyib. Bu, pandemiyadan əvvəl də vardı...".
 
Ancaq hər şeyə rəğmən, sayt moderatoru "son zamanlar Bakı kəndlərində əmlak bazarında yaxşı mənada canlanma var", - deyir/ azadliq.org
 

Google+ WhatsApp ok.ru