Şəvval ayının birinci günü - Fitr bayramı (Məxsus əməllər)

Şəvval ayının birinci günü - Fitr bayramı (Məxsus əməllər)

Şəvval ayının birinci günü (bu il üçün - 24 may)  “Fitr” bayramıdır. Fitr bayramı müsəlmanlar üçün olduqca mühüm bir gündür. Çünki bu gün bir ay orucdan, Allahla raz-niyaz və münacatdan, ibadət və itaətdən sonra ilahi mükafata yiyələnmək günüdür. Odur ki, həmin gün bir tərəfdən sevinc və şadlıq günüdür; çünki hər bir oruc tutan müsəlman ilahi vəzifəsini yerinə yetirdiyi üçün xoşhaldır. Digər tərəfdən isə, Allah tərəfindən mükafatlandırılma və qiymətləndirilmə günü olduğundan nigarandır, fikirləşir ki, görəsən bir aylıq əməlləri Allah dərgahında nə qədər qəbul olunmuşdur?!
 
İmam Baqir (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: “Şəvval ayının birinci günü çatdıqda, ilahi carçı nida edər: “Ey möminlər, mükafatlarınızı almaq üçün tələsin.” Sonra imam Baqir (ə) buyurur: “Allahın mükafatları şahların mükafatları kimi deyil!” (Yəni Allahın mükafatları böyük və mənəvidir, “ilahi razılıq” mükfatların ən alisidir.) İmam (ə) sonda buyurur: “Şəvval ayının birinci günü mükafatların qəbulu günüdür.”
 
Nəql olunur ki, imam Həsən (ə) Fitr bayramı günü bir qrup adamın deyib-güldüyünü gördükdə buyurdu: “Allah Ramazan ayını bəndələri üçün müsabiqə ayı qərar verib. Bu ayda bəndələr ibadətləri ilə bir-birini ötməyə çalışarlar. Xeyir əməl sahibləri öndə gedib savaba çatdığı zaman, geridə qalıb əylənənlərə təəccüb edirəm! And olsun Allaha, pərdələr qaldırılsa, salehlərin savaba, azğınların isə cəzaya çatdığı aydın olar.”
 
Fitr bayramı gününün bir sıra əməlləri var ki, əziz möminlərin diqqətinə çatdırırıq:
 
1. “Sübh” və “Fitr bayramı” namazlarından sonra aşağıdakı zikri tərkrar-təkrar oxumaq:


 
اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ وَ لِلَّهِ الْحَمْدُ الْحَمْدُ لِلَّهِ عَلَى مَا هَدَانَا وَ لَهُ الشُّكْرُ عَلَى مَا أَوْلانَا
 

Duanın oxunuşu: Əllahu-əkbəru əllahu-əkbər, la ilahə illəllahu vəllahu əkbər, əllahu-əkbər və lillahil həmd, əlhəmdu lillahi əla ma hədana və ləhuş-şukru əla ma əvlana.
 
Duanın tərcüməsi: Allah böyükdür. Allah böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Həmd olsun o Allaha ki, bizi hidayət etdi. Bizi bağışladığına görə şükür olsun Ona!
 
2. Fitr bayramı namazından öncə fitrə-zəkatını çıxarmaq; hər adam başına buğda, arpa, хurma, kişmiş, düyü və qarğıdalı kimi öz məntəqəsində adi qida növlərindən 1 “sa” (təqribən 3 kq) fitrə cıxarmaq vacibdir. Əgər оnların hər hansının pulunu versə də kifayətdir. Bu, Ramazan ayının qəbul şərtlərindəndir və gələn ilə qədər insanın bəlalardan qorunmasına səbəb olur.
 
3. Qüsl etmək; onunu vaxtı dan yeri söküləndən bayram namazı qılınan vaxta qədərdir.
 
4. Təmiz libaslar geyinmək, gözəl ətirlərdən istifadə etmək və namaz qılmaq üçün məscidə getmək;
 
5. Bayram namazından qabaq yaxşı olar ki, xurma, ya şərbətlə iftar edilsin. Şeyx Müfid yazır ki, bütün dərdlərə şəfa olan imam Hüseynin (ə) türbətindən azacıq yemək müstəhəbdir.
 
6. Günəş doğduqdan sonra bayram namazını qılmaq; Əsrin imamının (ə) qeybdə olduğu dönəmdə bu namazı qılmaq müstəhəbdir. Bu namazı həm camaatla, həm də fərdi şəkildə qılmaq olar və o iki rükətdir: Birinci rükətdə “Həmd” və “Surə” oxunduqdan sonra 5 dəfə təkbir deyilir və hər təkbirdən sonra 1 dəfə qunut tutulur. Beşinci qunutdan sonra altıncı müstəhəb təkbir deyilir, ardınca ruku və səcdələr yerinə yetirilir.
 
İkinci rükətdə isə 4 təkbir deyilir və hər təkbirdən sonra 1 dəfə qunut tutulur. Müstəhəb olan beşinci təkbirdən sonra ruku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamlarla namaz başa çatır.
 
Namaz qurtardıqdan sonra xanım Fatimeyi-Zəhranın (s.ə.) “təsbihatı” deyilir və möminlər üçün dua edilir.
 
 
Bu namazın qunutunda istənilən duanı oxumaq olar. Amma daha yaxşı olar ki, bu dua oxunsun:


 
اللَّهُمَّ أَهْلَ الْكِبْرِيَاءِ وَ الْعَظَمَةِ وَ أَهْلَ الْجُودِ وَ الْجَبَرُوتِ وَ أَهْلَ الْعَفْوِ وَ الرَّحْمَةِ وَ أَهْلَ التَّقْوَى وَ الْمَغْفِرَةِ أَسْأَلُكَ بِحَقِّ هَذَا الْيَوْمِ الَّذِي جَعَلْتَهُ لِلْمُسْلِمِينَ عِيدا وَ لِمُحَمَّدٍ صَلَّى اللَّهِ عَلَيْهِ وَ آلِهِ ذُخْرا وَ شَرَفا وَ کَرامَتاً وَ مَزِيدا أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُدْخِلَنِي فِي كُلِّ خَيْرٍ أَدْخَلْتَ فِيهِ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ وَ أَنْ تُخْرِجَنِي مِنْ كُلِّ سُوءٍ أَخْرَجْتَ مِنْهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَ مَا سَأَلَكَ مِنْهُ عِبَادُكَ الصَّالِحُونَ وَ أَعُوذُ بِكَ مِمَّا اسْتَعَاذَ مِنْهُ عِبَادُك الْمُخْلصُونَ
 

Duanın oxunuşu: Əllahummə əhləl kibriyai vəl əzəməh, və əhləl cudi vəl cəbərut, və əhləl əfvi vər-rəhməh, və əhlət-təqva vəl məğfirəh, əs`əlukə bihəqqi hazəl yəvm, əlləzi cəəltəhu lilmusliminə iyda, və li Muhəmmədin səlləllahu ələyhi və alih, zuхrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən tudхiləni fi kulli хəyrin ədхəltə fihi Muhəmmədən və alə-Muhəmməd, və ən tuхricəni min kulli suin əхrəctə minhu Muhəmmədən və alə-Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə, inni əsəlukə хəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muхləsun.
 
Duanın tərcüməsi: İlahi, Sən calal və əzəmət, bəxşiş və qüdrət, əfv və rəhmət, təqva və məğfirət sahibisən! Səndən istəyirəm ki, müsəlmanlar üçün bayram və Mühəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) üçün zəxirə, şərəf və yüksək məqam təyin etdiyin bu günə xatir, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərəsən, Mühəmməd və Mühəmmədin Əhli-beytini daxil etdiyin hər bir xeyir və səadətə məni də daxil edəsən, Mühəmməd və Mühəmmədin Əhli-beytini (Allahın salamı olsun ona və onlara) çıxartdığın hər bir şərdən məni də çıxarasan! İlahi, mən Səndən saleh bəndələrinin Səndən istədiklərini istəyir, saleh və xalis bəndələrinin Sənə sığındıqları ilə Sənə sığınıram!
 
(“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Şəvval ayının əməlləri” bölümü.)
 
Rza Şükürlü (Maide.Az)
 

Google+ WhatsApp ok.ru