‘Qaçqınkom’un qarşısında aksiyaya cəhd edilib - VİDEO

‘Qaçqınkom’un qarşısında aksiyaya cəhd edilib - VİDEO

İyunun 1-də bir qrup məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında aksiya keçirməyə cəhd edib.
 
Aksiya iştirakçıları mayın 28-də açılışı olan məcburi köçkünlər üçün salınmış “Qobu-3” yaşayış kompleksində onlara mənzil verilməməsinə etiraz ediblər.
 
Aksiya iştirakçılarından biri deyib ki. onlara illərlə söz verilsə də mənzi verilmir.
 
“Ailəmlə Xırdalanda kirayədə qalırdım. İndi kirayə pulunu verməyə gücüm çatmır deyə uşaqlarımla bir qadının yanında qalıram. Yoldaşım ağciyər xəstəsidir, hazırda xəstəxanada müalicə alır. Özüm isə başqalarının evlərini yığışdırıram və bununla dolanıram. Elə şəraitdə yaşayıram ki, siçanlar uşağımın əlini yeyib. Evi olan adamlar ev alıb, mən isə küçədə qalmışam. Evimi istəyirəm”, -  o qeyd edib.
 
Aksiya iştirakçılarının qarşısına çıxan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə bildirib ki, qaçqınlar və məcburi köçkünlər üçün tikilən evlərin bölgüsü ədalətlə aparılır.
 
“Son iki ildə məcburi köçkünlər üçün qəsəbələr tikilir və tam ədalətli şəkildə köçkünlərə evlər verilir. Buraya insanlar dözümsüzlük edib gəliblər. Bu adamlar buraya gəlməməli idi. Onlara deyilib ki, ilin sonunda onlara Abşeron rayonunda ev veriləcək. Bizdən izahat alandan sonra jurnalistlərə niyə şikayət etməyinin səbəbini bilmirəm. Onlar karantin rejimini pozurlar”, komitə sədri qeyd edib.
 
R.Rzayevin sözlərinə görə, məcburi köçkünlər üçün yaşayış evlərinin tikilməsi prosesi davam etdirilir.
 
“Qobu-3” kompleksində 1336 mənzil var, Bakı şəhərində isə 52 min köçkün insan yaşayır. Onlardan 23854 ailə yataqxanalarda, yarıtikili sahələrdə, məktəblərdə, uşaq bağçalarında, sanatoriyalarda yaşayır. İlk növbədə onlar köçürüləcək. Yol xəritəsi hazırlanıb. Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına və yol xəritəsinə uyğun komitə köçürülməni davam etdirəcək. Sentyabr ayınadək Ramanı, Xocahəsən qəsəbələrində, Sumqayıtda tikinti davam etdiriləcək və 3084 mənzil təhvil veriləcək. Maştağa və Kürdəxanı yolunda 576 ailəlik mənzillər olacaq, Suraxanıda 270 ailəlik qəsəbə salınacaq. Qəsəbələr tikildikcə insanlara tam ədalətli və qərara müvafiq olaraq təhvil veriləcək”, - o deyib.
 
Bundan sonra R.Rzayev toplaşanların suallarını cavablandırıb. /turan

Google+ WhatsApp ok.ru