Əhli-beyt (ə) dostlarının 5 fəqli xüsusiyyəti: 1-Əbədi həyata sevgi

Əhli-beyt (ə) dostlarının 5 fəqli xüsusiyyəti: 1-Əbədi həyata sevgi

1-Əbədi həyata sevgi

Əhli-beytin (ə) həqiqi dostlarının məqam və mənzilətinə yüksəlmək hər birimizin istək və arzusudur. Əlbəttə, bu mühüm məqama çatmaq və bu qılız istəyə qovuşmaq üçün lazımi məlumatı olmayanların sayı da az deyildir. İslami mətnlərdə və hədis mənbələrində bu məsələyə də işarə olunmuşdur.

Qeyd etməliyik ki, məada inam, axirət həyatını abadlaşdırmaq istiqamətində çalışmaq və əməl etmək İslam maarifinin əsaslarından biridir. Qurani-Kərimdə bir çox ayələr bu mövzuya həsr olunur və hamı əbədi axirətə sövq edilir. İnsanların sədaqətini, səmimiliyini və məada inamını yoxlamaq üçün nazl olan dəyərli ayələrdən biri də “Cümə” surəsinin 6-cı ayəsidir:

قُلْ يا أَيُّهَا الَّذينَ هادُوا إِنْ زَعَمْتُمْ أَنَّكُمْ أَوْلِياءُ لِلَّهِ مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ كُنْتُمْ صادِقينَ

(Ya Peyğəmbər!) De: “Ey yəhudi olanlar! Əgər bütün insanlardan fərqli olaraq, özünüzün Allahın dostları olduğunuzu güman edirsinizsə, (və bunu) doğru deyirsinizsə, onda ölüm diləyin! (Çünki Allah dərgahındakı xas nemətlər və əbədi həyat ilahi övliyalara ancaq öləndən sonra qismət olar).

Quran tədqiqatçıları bu mübarək ayənin şərhində mühüm incəliklərə toxunmuşlar: “Həqiqi dost, daim öz dostunu görmək şövqü ilə yaşayır və buna can atır. Bildiyimiz kimi, Allah-Taala ilə mənəvi görüş Qiyamətdə baş tutacaq. Dünyəvi hicab və pərdələr çəkildikdə, şəhvət və həvəs burulğanı yatdıqda, insan öz Məhbubunun könüloxşayan camalını qəlb gözü ilə görəcək və “qürb” büsatına qədəm qoyacaq. Əgər siz də düz danışırsınızsa və onun xas dostusunuzsa, nə üçün bu qədər dünya həyatına bağlanmısınız? Nə üçün ölümdən bu qədər qorxursunuz? Demək, siz öz iddianızda sadiq deyilsiniz.”

Quran bu mənanı başqa təbirlə “Bəqərə” surəsinin 96-cı ayəsində belə açıqlayır:

وَ لَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلى‏ حَياةٍ وَ مِنَ الَّذِينَ أَشْرَكُوا يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَ ما هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذابِ أَنْ يُعَمَّرَ وَ اللَّهُ بَصِيرٌ بِما يَعْمَلُونَ

Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri min il yaşamaq istər, halbuki uzun ömür onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görəndir!

İmam Sadiq (ə) Abdullah ibn Cündəbə əbədi həyata müştaq olan Əhli-beyt (ə) dostları haqqında belə buyurur:

يَا عَبْدَ اللَّهِ لَقَدْ نَصَبَ‏ إِبْلِيسُ‏ حَبَائِلَهُ‏ فِي دَارِ الْغُرُورِ فَمَا يَقْصِدُ فِيهَا إِلَّا أَوْلِيَاءَنَا وَ لَقَدْ جَلَّتِ الْآخِرَةُ فِي أَعْيُنِهِمْ حَتَّى مَا يُرِيدُونَ بِهَا بَدَلًا ثُمَّ قَالَ آهِ آهِ عَلَى قُلُوبٍ حُشِيَتْ نُوراً

Ey Abdullah! Şübhəsiz, İblis bu aldadıcı dünyada öz tələlərini qurub. Onun bu işdə bizim dostları tələyə salmaqdan başqa məqsədi yoxdur. Lakin axirət onların nəzərində o qədər əzəmətlidir ki,  onu əsla heç nəyə dəyişməzlər.” Sonra Həzrət buyurdu: “Qəlbləri nurla dolu olanların xoş halına!  (“Tuhəful-uqul”, c.2, səh.301.)

Bəli, hansısa bir məqamda dünya ilə axirəti seçmək zərurəti yaranarsa, Əhli-beyt (ə) dostları tərəddüd etmədən axirətə üstünlük verərlər.

 

Ardı var...

 

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru