Ət niyə bahadır?-ekspert şərhi

Ət niyə bahadır?-ekspert şərhi

“Yenisabah.az” saytında yer alan  “Monopolistlər imkan versə, Bakıda ətin qiyməti 7-8 manat olar”-ekspert sərlövhəli məqalədə müəllif Bakıda ətin satış qiymətinin baha olması barədə iqtisadçı-ekspert Akif  Nəsirli ilə söhbətləşir.
 
Müəllifə görə, ətin qiymətinə təsir edən amillər əsasən, toy-yas mərasimləri və restoran biznesidir, hazırda bunların hamısına yasaq tətbiq edilib.
 
Müəllif vurğulayır ki, bu halda bazarda ət bolluğu müşahidə olunmalı, ətin qiymətinin ucuzlaşması ilə nəticələnməlidir, lakin bu, baş vermir, səbəbi nədir? 
 
A.Nəsirliyə görə, ətin ucuzlaşması Bakıda müşahidə olunmur, rayonlarda isə qiymətdə 20%-ə qədər azalma müşahidə edilir.
 
Ekspert Bakıda ətin baha olmasına əsas səbəb kimi bölgələrdən Bakıya ət gətirilməsində müəyyən problemlərin olmasını, karantin tətbiqilə bağlı fərdi sahibkarların paytaxta əvvəlki qədər ət gətirə bilmədiyini göstərir.
 
Ekspertə görə, daha bir səbəb rayonlarda bazara mal çıxarılmasına olan əngəllərdir, bazarların çoxu ya işləmir, ya da zəif işləyir, bazara heyvan çıxarmaq üçün fermerlərdən, kəndlilərdən sənədlər istənilir.
 
A.Nəsirli hesab edir ki, növbəti səbəb tələbi nəzərə alaraq Bakıya gətirilmiş ət tədarükünün azalması, həm də rəsmi ət tədarük edən sahibkarların sayının az olması ilə bağlıdır: “Belə ki, sayı az olduğuna görə onlar bir-birləri ilə sindikat razılaşmaya gedirlər, mal müəyyən qədər azaldılmalıdır. Bu da monopoliyanın bir formasıdır. Bakı şəhərində ətə tələbatı elə tənzimləyirlər ki, qiymət sabit qalsın”, - A.Nəsirli paytaxtda ətin baha olmasına şərh verir.
 
İqtisadçı hesab edir ki, Bakıda ətin qiyməti indikindən təxminən 20-30% aşağı olmalı idi, amma süni maneələr nəticəsində qiymət düşmür.
 
Ekspertin vurğulamasına görə, ən çox ət gətirilən Bərdə, Beyləqan, İmişli  Ağcabədi, Saatlı, Sabirabad rayonlarında qoyun ətinin qiyməti 8-9,  quzu əti 9-10, mal əti isə 7-8 manatdır.
 
İqtisadçi iddia edir ki, hətta Bakıya mal tədarük edən sahibkarların Bakıda ətin qiymətini özlərinə sərf edən kimi saxlamaları rayonlarda qiymətə ciddi təsir edir, belə ki, Bakıya mal az gəlir, yerlərdə çox qalır, təklif tələbi üstələyir, yerlərdə ətin qiymətini aşağı salır. 
 

Google+ WhatsApp ok.ru