‘Borc tapıb su alırıq’

‘Borc tapıb su alırıq’

Cümə günü Sabirabadın Nizami və Hacıbəbir kəndlərinin sakinləri kənd icra nümayəndəliyinin qarşısına toplaşaraq içməli su tələb ediblər.
 
 "Bizim kanallar qazılmır, bərbad haldadır, su idarəsi baxmır, bələdiyyə baxmır. Nə içməyə su var, nə heyvana su var, əkin-biçin yanıb, gedib," - Sabirabadın Nizami kəndinin sakini Əflan Cəfərov BBC News Azərbaycancaya deyir.
 
O deyir ki, hazırda Nizamikənd və Hacıbəbir kəndlərinin sakinləri içməli su istəyirlər.
 
Sabirabad Meliorasiya İdarəsinin direktoru Şafiq Heydərov deyir ki, "həftənin birinci günü suyun mənbəyinə aparat quraşdırılacaq" və "problem həll olunacaq."
 
Sabirabad son həftələrdə susuzluqdan şikayətlənən yeganə rayon deyil. Bundan öncə Saatlı, Neftçala və Salyan sakinləri də susuzluq problemi ilə bağlı şikayətlənmişdilər.
 
"Vəziyyət çox ağırdır"
 
Əflan Cəfərov BBC News Azərbaycancaya deyir ki, yaşadığı kənddə "vəziyyət çox ağırdır, camaat susuzluqdan qırılır."
 
"Mən kənddə yaşayıram. Bağ-bağçamı əkib, tərəvəz yemirəmsə, mən kənddə nə üçün yaşamalıyam? Burda zavod yox, fabrik yox. Hamı təsərrüfatdan dolanır. Biri heyvandan, biri əkin-biçindən, nə bilim, hərə bir şeylə dolanır. Çətindir suyumuz yoxdur. Biz hökumətdən nə istəyirik? Bunları tənbeh etsin ki, bizim təsərrüfatımız da su ilə qidalansın." - Əflan Cəfərov deyir.
 
Sabirabadın Nizami kəndinin digər bir sakini Cavadağa Məmmədov BBC News Azərbaycancaya susuz qalan kəndlərin adlarını sayır: "Sabirabadın Nizamikənd, Hacıbəbir, Nəsimi, Çöldəllək, Ələmbəyli kəndləri susuzluqdan yanır, içməyə belə su yoxdur."
 
Digər bir rayon sakini Əkbər İbişov ehtimal edir ki, "indi yalnız kanala çox yaxın olan ev təsərrüfatlarında bəlkə içməyə su tapılar."
 
Sabirabad sakini "su maşını ilə gətizdirilən suyun 10 tonuna 40 manat ödədiklərini, bunu isə xeyli baha başa gəldiyini" bildirir.
 
"Aldığımız su da evdə qab-qaşığa, içməyə, əl-ayaqda istifadəyə ancaq yetir. O suyla suvarma etmək mümkün deyil. Taxıl sahəmiz var idi, yoncamız vardı. Qışda bircə dəfə suvara bildik. Ondan bəri su yoxdur. Sulaya bilmədik batdı, getdi." - cənab İbişov deyir.
 
Əkbər İbişov deyir ki, pulu olmayanlar başqasından borc tapıb su alırlar.
 
"Məcburdur da balasına su tapmalıdır adamlar. Hər şeydə istifadə olunan nemətdir." - Əkbər İbişov deyir.
 
Əkbər İbişov vurğulayır ki, arada kanala su verilsə də, xeyri olmur.
 
"Arada gəlir e su, o da qane etmir. Bir gün qaldırırlar şuluzu, su gəlir, camaata çatanda su yenə dayanır."
 
"Bazar ertəsi suyun mənbəyinə aparat quraşdırılacaq"
 
Sabirabad Meliorasiya İdarəsinin direktoru Şafiq Heydərov deyir ki, "həftənin birinci günü suyun mənbəyinə aparat quraşdırılacaq": "Həftənin birinci günü Kür çayı üzərinə 3 aqreqatlı gücü 7,5 kub olan aqreqat qoyulacaq."
 
Cənab Heydərov deyir ki, əvvəlki illərdə vəziyyət "belə ağır olmayıb deyə bu aparatlara da ehtiyac olmayıb."
 
"Keçən illərdə belə olmayıb vəziyyət. Bundan 10 dəfə yaxşı idi vəziyyət. Bu təbii fəlakətdir. Hər şey yerindədir, biz indi daha artıq işləyirik. Biz sadəcə olan suyu istehsal edə bilirik, olmayan suyu yox. Keçən il misal üçün çıxarılıbb 18 kub, bu il çıxarılıb 10 kub. Səviyyə düşdükcə məhsuldarlıq düşür aşağı - Kürdür bu." - cənab Heydərov deyib.
 
Aparatın işə salınıb kəndlərin nə vaxt su ilə təmin olunacağına gəlincə Şafiq Heydərov bildirib ki, "bu, aparatın quraşdırılıb, işə salınmasından asılıdır."
 
"Aidiyyatı qurumlar ötən il yaxşı işləsəydilər..."
 
Prezidenti İlham Əliyev cümə axşamı günü Azərbaycanda "su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda" ölkədə yaşanan su problemlərində danışıb.
 
"Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik." - Prezident deyib.
 
Prezident deyib ki, görülən işlər zamanı "koordinasiya aparılmayıb."
 
"Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək... Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir".
 
Prezident sual edib ki, vəsait qoyulan "bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib?!"
 
"Layihələr faktiki olaraq heç bir səmərə verməyib"
 
Cənab Əliyev çıxışında bildirib ki, indiyədək bu sahədə "bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib."
 
"Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır." - İlham Əliyev deyib.
 
Ölkədə su itkilərindən danışan İlham Əliyev "bəzi hallarda itkilərin faizi 40 və 50 faizə çatır, bu, dözülməzdir" deyib.
 
Prezident "vəziyyəti tam təhlil edərkən bu ilin aprel ayında xüsusi komissiya yaratdığını" və artıq mövcud problemlərdən "müntəzəm xəbərdar edildiyini" bildirib.
 
İlham Əliyev deyib ki, bu işdə "qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır."
 
Öz çıxışı zamanı bu sahədə qazanılmış uğurlara toxunan Prezident Əliyev bildirib ki, "son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir."
 
Cənab Əliyev çıxışında həmçinin ölkə ərazisində içməli su ilə təminatın hazırda "70 faizə çatdığını" bildirib.
 

Google+ WhatsApp ok.ru