Şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb

Şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.
 
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 28-31 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz təşkil edəcək. Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
 
Azərbaycan rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Google+ WhatsApp ok.ru