Ərzaq bu il cəmi 5 faiz bahalaşıb?

Ərzaq bu il cəmi 5 faiz bahalaşıb?

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin 9 ayında inflyasiya 3 faizdən də az olub. Ərzaq isə cəmi 5,2 faiz bahalaşıb.
 
AzadliqRadiosu DSK-nın bu məlumatı ilə bağlı iqtisadçılara üz tutub. Suallar komitənin məlumatının nə qədərəcə gerçək olması ilə bağlı olub.
 
Deputat Vüqar Bayramov DSK-ya istinadən bildirib ki, ərzaq məhsullarında qiymət artımı qeyri-ərzaq məhsullarından daha çoxdur:
 
“Əgər qeyri-ərzaq məhsulları 1.3 faiz artıbsa, ərzaq məhsullarında 5.2 faiz artım qeydə alınıb. Eyni zamanda xidmətlər də 1.1 faiz artıb”.
 
 Vüqar Bayramov deyib ki, praktik olaraq yanvar-sentyabr aylarında qiymət artımını şərtləndirən səbəb ərzaq məhsullarındakı artımlar olub:
 
“Bu, ondan xəbər verir ki, ərzaq məhsullarının optimallaşdırılmasıyla bağlı siyasətin gücləndirlməsinə ehtiyac var. Çünki nəticə etibarıyla ərzaq məhsullarının qiymətləri vətəndaşların ailə büdcəsi baxımından çox vacibdir. Eyni zamanda, yay mövsümünün başa çatdığını nəzərə alsaq, növbəti mövsümdə yerli istehsal olan kənd məhsullarının həcmində azalmalar olacaq, bu da qiymətlərə təsir göstərə bilər.”
 
Deputatın fikrincə, növbəti dövrlər üçün ərzaq məhsullarının qiymətlərinin optimallaşdırılması əsas prioritet məqsədlərdən olmalıdır:
 
“Təbii ki, söhbət inzibati müdaxilədən getmir. Amma hökumət çalışmalıdır ki, payız aylarında ərzaq məhsullarının qiymətini optimallaşdırılsın. Bu, xüsusən də bazara çıxış imkanının artırılması, yerli istehsal edilən məhsulların satış imkanlarının genişləndirilməsi və təşkil edilməsiylə mümkündür. Bu ərzaq məhsullarının qiymətlərinin optimallaşdırılmasına və ərzaq məhsullarında qiymət azalmasına gətirib çıxarar”.
 
 İqtisadçı Nemət Əliyev isə hesab edir ki, DSK fəaliyyət göstərdiyi müddətdə özünü saxtalaşdırma sahəsində yetişdirib:
 
“Ona görə Komitənin rəsmi məlumatlarının etibarlılığı çox aşağıdır. Odur ki, ümumi inflyasiya səviyyəsinin 3, ərzaq bahalaşmasının 5.2 faiz olması inandırıcı deyil. Söylədiklərimi marketlərdə monitorinq aparmaqla müşahidə etmək mümkündür”.
 
Nemət Əliyev əminliklə bildirib ki, əgər alternativ şəkildə hesablama aparılsaydı, DSK-nin göstəricilərinin həqiqətə uyğun olmadığı üzə çıxardı:
 
“Sadəcə, alternativ inflyasiya hesablamaları aparılmır, ona görə də komitə istədiyi rəqəmləri yayır. Alternativ hesablama üsullarından biri ümumi idxalda yaşanan bahalaşmayla əmtəə və istehlak bazarında yaranan bahalaşma səviyyəsini hesabalamaqla mümkündür. Doğrudur, karantin rejiminin tələblərindən gələrək idxal mallarının səviyyəsi əhəmiyyətli dərəcədə azalır.”
 
 Onun qeyd etməsinə görə, 7 aylıq göstəricilərdə idxal mallarının əmtəə bazarında yaratdığı bahalaşma 14-15 faiz araslnda dəyişirdi:
 
“ İndi bunun üzərinə yerli malların ümumi bahalaşma səviyyəsini də gəldikdə, o zaman ümumi inflyasiya göstəricisi haqqında təəssürat yaratmaq mümkündür. Kaş ki, komitə indiki müharibə ( Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənstan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən döyüşlərin bərpa edilməsi nəzərdə tutulur) dövründə belə saxtalaşdırmaya getməyəydi. Çünki ictimai həmrəyliyin hökm sürdüyü zamanda adam fərqli, tənqidi fikir səsləndirmək istəmir. Gərək, komitə mövcud reallıqlardan çıxış edərək məlumatlar yaysın. Məsələ ondadır ki, iqtisadiyyat tarixində yalan məlumatlar sosial-iqtisadi duruma zərər vurur”.
 
Bu fikirlərə DSK-dən, hələlik, münasibət almaq mümkün olmayıb.Amma qurum rəhbərliyi bir qayda olaraq onların yaydığı rəqəmlərə şübhələri əsaslı saymır.
 

Google+ WhatsApp ok.ru