‘Döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin nəşi çıxarılıb’

‘Döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin nəşi çıxarılıb’

 
Əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsi prosesi davam etdirilir. 
 
"Qafqazinfo" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun AzərTac-a deyib. 
 
“Tərəflər ilk növbədə döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesinə başlayıblar. Bu istiqamətdə işlər Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir. Proses başlayandan bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir.”
 
Digər vacib vəzifə isə əsir və girovların “hamının-hamıya” prinsipi əsasında azad edilməsidir deyən E.Səmədov bildirib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci il dekabrın 14-də Azərbaycan Respublikasının 14 vətəndaşı erməni əsirliyindən və girovluğundan azad edilərək Bakıya gətirilib. Onlardan 12 nəfəri Vətən müharibəsində müxtəlif səbəblərdən əsir düşmüş, digər 2 nəfər isə 2014-cü ilin iyul ayında Kəlbəcər rayonu ərazisində girov götürülərək qeyri-qanuni həbs edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevdir.  
 
O bildirib ki, keçirilmiş bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib.
 
“Onlardan 6 nəfəri 2020-ci il sentyabrın 27-dən əvvəl Azərbaycan ərazisində saxlanılmış şəxslərdir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən yerləşdirildikləri xəstəxanada aldıqları müalicəyə və həkimlərin hərtərəfli səylərinə baxmayaraq, vəfat etdikləri üçün meyitləri beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib.”
 
Üçtərəfli Bəyanata uyğun olaraq, humanitar proseslər bundan sonra da davam edəcəkdir deyən R.Səmədov bildirib ki, döyüş bölgəsində qalmış hər iki tərəfə aid hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesi beynəlxalq vasitəçiliklə davam etdirilir.
Bundan başqa, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir.

Google+ WhatsApp ok.ru