Əxlaqi bəhslərin əhəmiyyəti-1

Əxlaqi bəhslərin əhəmiyyəti-1

QURANİ-KƏRİMDƏ ƏXLAQ AYƏLƏRİ

Qurani-Kərimin “Ali-İmran” surəsinin 164-cü ayəsində buyurulur:
 
لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ
 
“Allah möminlərə onların öz içərisindən Allahın ayələrini onlara oxuyan, onları saflaşdıran, kitabı (Quranı) və hikməti onlara öyrədən bir peyğəmbər göndərdiyi vaxt minnət qoydu. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.”
 
Nəfsin saflaşdırılması, insanların tərbiyəsi və gözəl əxlaqi səciyyələrin inkişafı İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçilməsinin əsas hədəflərindəndir. Hətta demək olar ki, ilahi ayələrin tilavəti, kitab və hikmətin təlimi nəfsin saflaşdırılması və insanların tərbiyəsi üçün bir müqəddimədir və bu da əxlaq elminin başlıca hədəfini təşkil edir.
(Ayədə) “saflaşdırma” (təzkiyə, tərbiyə) sözünün “təlim” sözündən önə keçməsinin hikməti, bəlkə də, elə budur. Çünki əsas və son hədəf nəfsin saflaşdırılmasıdır, hərçənd, praktiki olaraq təlim ondan öndə gəlir.
 
Əgər başqa bir ayədə (“Bəqərə” / 129) “təlim” ifadəsinin “saflaşdırma” (təzkiyə, tərbiyə) ifadəsindən öndə gəlirsə, bu, təbii və xarici tərtibin göstəricisidir; yəni bir qayda olaraq, təlim tərbiyənin və nəfsi saflaşdırmanın müqəddiməsidir. Deməli, hər iki ayədə bu məsələyə fərqli aspektlərdən yanaşılır. 
 
Burada başqa bir ehtimal da vardır; belə ki, bri ayədə “nəfsi saflaşdırma”nın (təlimin) “təlim”dən önə keçməsi, başqa bir ayədə isə sonra gəlməsində məqsəd hər iki ifadə (təlim və tərbiyə) arasındakı qarşılıqlı təsirin olmasıdır. Yəni düzgün təlim əxlaq və tərbiyənin keyfiyyətini artırdığı kimi, insanda əxlaqi səciyyələrin varlığı da elm və biliyin səviyyəsini yüksəldir. Çünki insan “inad”, “təkəbbür”, “xudbinlik” və “kor-koranə təəssübkeşlik” kimi elmi tərəqqilərə mane olan sədlərdən uzaq olduğu zaman elmin həqiqətinə vara bilər. Əks-təqdirdə, əxlaqi pozğunluqlar onun gözü və qəlbinə pərdə çəkəcək ki, bu da həqiqəti olduğu kimi görməyə mane olacaq və nəticə etibarilə, onu qəbul etməkdən saxlayacaq.
 
Bir sözlə, Qurani-Kərimdə əxlaqi məsələlərə, tərbiyə və nəfsin saflaşdırılmasına köklü və fundamental bir bəhs olaraq böyük əhəmiyyət verilir. Sözügedən ayədə də əxlaq mürəbbisi, kitab və hikmət müəllimi olan İslam Peyğəmbərinin (s) peyğəmbər göndərilməsini Allah-Taala tərəfindən böyük minnət və nemət hesab edilir ki, bu da bizə əxlaqın əhəmiyyətini aşılayır. (“Ayate-əxlaqi”, Ayətullah Məkarim Şirazi, səh.15-16.)
 
Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru