Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-4

Əməl ilə əxlaqın qarşılıqlı əlaqəsi-4

QURANİ-KƏRİMDƏ ƏXLAQ AYƏLƏRİ

Qurani-Kərimin “Nəml” surəsinin 24-cü ayəsində belə buyurulur:

وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ

“Mən onun və tayfasının Allahı qoyub Günəşə səcdə etdiklərini gördüm. Şeytan onların əməllərini nəzərlərində zinətləndirmişdir…”

Bu ayədə Səba məmləkətinin şahzadəsinin sərgüzəştləri və hud-hud (şanapipik) quşunun onların diyarından Süleyman peyğəmbərə gətirdiyi xəbərdən söhbət açılır. Hud-hud belə dedi: “Mən şahzadəni və onun xalqını Allahdan başqasına – Günəşə səcdə edərkən gördüm. Şeytan onların əməllərini gözlərində zinətləndirmişdir.”

Günəş və onun işığı bərəkətli və nəhəng enerji mənbəyidir. Lakin onun doğması, batması, dəyişməsi, bulud arxasında gizlənməsi göstərir ki, bu nəhəng varlıq da təbii qanunların əsiridir və özünün azacıq iradəsi yoxdur. Buna görə də pərəstişə layiq deyil, lakin yanlış təlim-tərbiyələr, keçmiş nəsillərin qoyub getdikləri qanun-qaydalar, həmçinin mənfi əməlin təkrarlanması səbəb olur ki, onun qəbahəti, çirkinliyi aradan qalxsın, gözəl bir əməl kimi cilvələnsin. Buna misal olaraq, hazırda dünyanın bəzi ölkələrində müəyyən xalqlar tərəfindən pərəstiş olunan “müqəddəs” inəklər var. Onlar dişi inək qarşısında müəyyən ayinlər yerinə yetirir və bu heyvan haqqında bir çox müqəddəs fikirlərə inanırlar. Onların bu inancları qıraqdan baxan və beynində bu haqda heç nə olmayan insanları gülməyə vadar edə bilər. Halbuki inəyə pərəstiş edənlər bu ayinləri tam ciddi formada yerinə yetirir və hətta bununla fəxr edirlər. Sual budur ki, nə üçün başqaları gülür, onlar isə iftixar edirlər?

Dəlillərindən biri də budur ki, əməlin təkrar olunması onun qəbahəti ilə gözlər arasında pərdəyə çevrilir. Yuxarıdakı ayədə əməlin zinətləndirilmə səbəbi olaraq şeytan göstərilsə də, aydındır ki, şeytanın bu iş üçün vasitə və alətləri var. Bunlardan biri də pis əməlləri təkrar etdirməkdir. (“Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, səh.183-184.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru