Əxlaqla qidanın əlaqəsi

Əxlaqla qidanın əlaqəsi

QURANİ-KƏRİMDƏ ƏXLAQ AYƏLƏRİ

İlk görünüşdə bu başlıq bəzilərində təəccüb doğura bilər, axı qidalanma insanın bədəninə aiddir və cismani bir məsələdir, insanın əxlaqı, ruhiyyəsi və nəfsani keyfiyyətlərində necə təsir qoya bilər? Əxlaq isə insanın ruhuna aiddir. Lakin insanın bədəni ilə ruhu arasındakı yaxın əlaqə bu məsələyə aydınlıq gətirir. Hamımız şahidi olmuşuq ki, insana üz vermiş ağır qəm, kədər, ruhi böhran onun bədənini qısa bir müddətdə zəiflədir, solğun və aciz edir. İnsanın saçları ağarır, gözləri nurunu itirir, ayağı gücdən düşür. Bəzən əksi də ola bilər. İnsan cismani baxımdan gümrah olarsa, bu, onun əhval-ruhiyyəsinə də təsir buraxır, ruhu da şad olur, sağlam düşünür.

Qədim zamanlardan qidaların təsirinin insanın əxlaqına olan təsiri məsələsi əxlaq alimlərinin diqqət mərkəzində olmuşdur. Hətta bu məsələ xalqlar arasında da müxtəlif inanclara çevrilmişdir. Məsələn, qan içmək insanın ürəyinin daşlaşmasına səbəb olur. Bu baxımdan, “sağlam bədəndə sağlam ruh olar” ifadəsi özünü doğruldur. Quran ayələri və hədislərdə də bu məsələyə aid sitatlar diqqəti cəlb edir. Məsələn, “Maidə” surəsinin 41-ci ayəsində müxtəlif əxlaqa zidd əməllərə, o cümlədən, müsəlmanların arasında casusluq etmək, səmavi kitabların həqiqətlərini gizlətmək kimi əməllərə bulaşmış yəhudi qrupları haqqında belə deyilir:

أُوْلَـئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ

“Onlar o kəslərdir ki, Allah onların qəlblərini paklamaq istəmir.”

Dərhal sonrakı ayədə deyilir: “Onlar sənin (yəni Muhəmməd peyğəmbərin (s)) sözlərinə çox qulaq asırlar ki, onu təkzib etsinlər və onlar haram mal çox yeyirlər.”

Ayədə göstərilir ki, onların qəlblərinin napaklığı öz əməllərindən, o cümlədən, daim ilahi ayələri təkzib etməkdən və haram mal yeməkdən irəli gəlir. Sözsüz ki, ayədə onlar barəsində qeyd olunan sifətlərin “Allah onların qəlblərini paklamaq istəmir” cümləsi ilə əlaqəsi olmaya bilməz. Bu fəsahət və bəlağətə ziddir. Buradan məlum olur ki, haram mal yemək qəlb aynasını bulandırır, əxlaqi rəzilətlərin qəlbə nüfuz etməsinə, əxlaqi keyfiyyətlərin də uzaqlaşmasına səbəb olur. “Maidə” surəsinin 91-ci ayəsi isə şərab və qumar barəsindədir. Ayədə deyilir:

إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ

“Həqiqətən, Şeytan şərab və qumarla aranızda düşmənçilik və kin salmaq istəyir.”

Şübhəsiz ki, düşmənçilik və kin iki daxili əxlaqi haldır. Ayədə bu əxlaqi halla şərab içmək arasındakı əlaqəyə toxunulur. Bu göstərir ki, haram içki və qida insanda təcavüzkarlıq, inadkarlıq, kin və düşmənçilik kimi rəzilətlərin yaranmasında rol oynaya bilər. “Muminun” surəsinin 51-ci ayəsində də belə oxuyuruq:

يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا

“Ey Peyğəmbər! Pak qidalardan bəhrələnin və saleh işlər görün.”

Bəzi təfsir alimlərinə görə, bu iki əməlin (pak qidalar yemək və saleh işlər görmək) yanaşı qeyd olunması onlar arasındakı əlaqəyə dəlalət edir. Belə ki, müxtəlif yeməklərin fərqli-fərqli əxlaqi təsirləri olduğuna işarə edir. Halal və pak yeməklər ruhu pak edir və saleh əməllərin mənbəyinə çevrilir. Haram və napak yeməklər isə insanın ruhunu qaraldır və saleh olmayan əməllərin əmələ gəlməsinə yol açır. (“Təfsiri-nümunə”, c.14, “Muminun” surəsi, 51-ci ayənin təfsiri.)

“İsna əşəri” təfsirində həmin ayəni izah edərkən saleh əməl və qəlbin nuraniyyəti ilə halal qidalanma arasındakı əlaqəyə toxunulur. (“İsna əşəri” tətsiri, c.9, səh.145; “Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, səh.190-192.)

Maide.az

Google+ WhatsApp ok.ru